Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: "Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı"
Bakıda qardaşı oğlunu öldürməkdə ittiham olunan Babək İbadovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Babək İbadov sualları cavablandırıb.
Təqsirləndirilənin ifadəsinə görə, mərhum qardaşı oğlu əvvəllər Türkiyədə yaşayıb:
"Seymur Türkiyədə olanda onun sosial şəbəkələrdəki profil şəkillərindən görürdüm ki, dodaqlarını boyayıb, saç düzümünü dəyişib. Onun hansı vəziyyətdə olması barədə məndə təsəvvür yarandı. Seymur əvvəllər Bakıda mənimlə bir yerdə işləyib, həmin vaxt onun davranışlarında qeyri-adi hərəkətlər görməmişdim. Qardaşım Turabla bir dəfə Türkiyəyə də gedib onu axtarmışdıq, lakin tapa bilməmişdik".
İfadədən məlum olub ki, Babək İbadov qardaşı oğlunun artıq Azərbaycanda olduğunu və burada da sosial şəbəkələrdə oxşar fotolar paylaşdığını öyrənib. O, Yasin İbadovun yerini müəyyən etdikdən sonra onu Bakıda Fəvvarələr bağının yaxınlığında tutaraq ona xəsarətlər yetirməyə başlayıb.
"Məni görən kimi gödəkçəsinin papağını başına çəkdi. Ona yaxınlaşanda qışqıraraq qadın kimi səslər çıxardı və ətrafdakıları köməyə çağırdı. Mən də həmin səsləri eşidəndə daha da hiddətləndim və zərbələr endirməyə başladım. Necə zərbə vurduğumu xatırlamıram", - deyə təqsirləndirilən bildirib.
Hadisə yerinə gələn polis əməkdaşı şahid qismində ifadəsində qeyd edib ki, səs-küy eşidərək hadisə yerinə yaxınlaşıb:
"Qışqırıq səsi eşidildi, dərhal ora qaçdıq. Çatanda insanların yığıldığını və bir nəfərin yerdə uzandığını gördüm. Həmin şəxsin kürəyinə bıçaq sancılmışdı. Yanında duran şəxsin isə hər iki əli qan içində idi. Soruşanda dedi ki, ölən qardaşı oğludur".
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 5-də, gecə saat 1 radələrində Bəşir Səfəroğlu küçəsində baş verib.
Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov saxlanılıb. Onun əvvəllər məhkum edildiyi və qətli əvvəlcədən planlaşdırdığı bildirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Həmçinin qeyd edilib ki, Yasin İbadov qətlə yetirilən zaman atası Seymur İbadov həbsdə olub.
Oxşar xəbərlər
Bakıda tanınmış cərrah vəfat etdi
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 saylı şəhər poliklinikasında işləyən həkim-cərrah 1964-cü il təvəllüdlü Könül Bahadur qızı Sultanova vəfat edib...