Qadın kafedə işıqları söndürüb rəqs etdi, həmcinsini boşqabla yaraladı və həbs olundu
Xuliqanlıqda təqsirləndirilən Vəsilə Məlikovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumedilmə Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilib. Vəsilə Məlikovanın hazırkı hökmlə təyin edilmiş cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilib. Nəticədə ona 3 il 8 ay həbs cəzası verilib. Təqsirləndirilən şəxsin əvvəlki cinayət işi üzrə həbsdə və ya ev dustaqlığında saxlanıldığı 1 il 1 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6 ay 3 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Vəsilə Məlikova barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalında həbs edilib.
İttihama görə, hadisə 19 iyun 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Bakı gecələri" kafesində baş verib.
Belə ki, hadisə zamanı Vəsilə Məlikova kafedə işıqları söndürərək rəqs edib. Bu zaman orada olan müştərilərdən biri - zərərçəkmiş Nərgiz Nəbiyeva (adı və soyadı şərtidir - red.) işıqların yandırılmasını istəyib. Lakin həmin irada baxmayaraq Vəsilə heç bir əsaslı səbəb olmadan aqressiv davranıb, ictimai yerdə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən hərəkətlər edib.
İstintaq materiallarına görə, o, masanın üzərində olan boşqabı götürərək Nərgizə doğru atıb. Boşqab zərərçəkmişin ayağına dəyərək onun sağ baldır nahiyəsində kəsilmiş yara əmələ gətirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin aldığı xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.
Hadisə nəticəsində Nərgizə məxsus 40 manat dəyərində əmlak da zədələnərək yararsız hala düşüb.
Beləliklə, Vəsilə Məlikovanın hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilib və onun əməli xuliqanlıq kimi tövsif edilib.
Cinayət işinin məhkəmə baxışı zamanı Vəsilə Məlikova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Oxşar xəbərlər
55 yaşlı sürücü sükan arxasında öldü
Gəncədə sürücü sükan arxasında vəfat edib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib. Şəhər ərazisində 1...