Qaçaqmalçılıqda təqsirli bilinən üç "Duty free" işçisinə hökm oxunub

Qaçaqmalçılıqda təqsirli bilinən üç Duty free işçisinə hökm oxunub
Hadisə 86

Ölkəyə dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən "Duty free"nin satıcıları Səbinə Əliyeva, Kəmalə Məmmədova və Səbinə Nəsibovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək hər üç təqsirləndirilən şəxsin yeddi il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmalarını təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Kəmalə Məmmədova, Səbinə Əliyeva və Səbinə Nəsibova beş il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab olunub və hər birinə iki il sınaq müddəti seçilib.

Qeyd edək ki, ittihama görə, hər üç şəxs dəyəri 100 min manatdan çox olan bir kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib.

Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyev adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək onun özünə ötürmək istəyib.

Ancaq niyyəti baş tutmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərin barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlar Bakıda Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər. Hər üç şəxsə Cinayət Məcəlləsinin 32 (cəhd), 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Son xəbərlər