Prezident pilotsuz uçan aparatların icazəsiz satışına görə cərimələri təsdiq etdi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 88.1.5-1-ci və 89.3-1-ci maddələr əlavə edilir:
"88.1.5-1. müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələbləri pozulduqda, o cümlədən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədildikdə;
89.3-1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.”.
Bundan başqa, aşağıdakı məzmunda 517-1-ci və 592-1-ci maddələr əlavə edilir:
"Maddə 517-1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulması
517-1.1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına, yəni:
517-1.1.1. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamağa maneçilik törətməyə;
517-1.1.2. fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına;
517-1.1.3. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törədilməsinə;
517-1.1.4. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə;
517-1.1.5. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxslərin əməliyyatın aparılma zonasından köçürülməsinə, binaların, qurğuların və digər tikililərin sökülməsinə maneçilik törədilməsinə;
517-1.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında sanitar-epidemioloji, baytarlıq və digər karantin tədbirlərinin pozulmasına;
517-1.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə -
fiziki şəxslər əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə edilir.
Maddə 592-1. Məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və satılması qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatların əldə edilməsi və ya satılmasına görə -
məsafədən idarə edilən pilotsuz uçan aparatlar müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.”.
Müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 88.1.5-1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur; həmin Məcəllənin 592-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Mülki Aviasiya Administrasiyası (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla) həyata keçirir.
BAKU.WS
Oxşar xəbərlər
Prezident sərəncam imzaladı: yeni cərimələr müəyyən edildi
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 346-VQD nömrəli Q...