Polisləri bir-birinə vuran "avtoş"un məmur atası: "O polislərə su daşıtdıracam" (VİDEO)
Mayın 19-da, axşam saatlarında Bakı küçələrində təhlükə saçan sürücü ilə bağlı yeni məlumatlar var.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, 20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra süni tıxac yaradılaraq saxlanılan "KIA”nın sürücüsü Nicat Nurpaşa oğlu Abdullayev mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.
Bu gün Avtosfer.az-ın əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə həmin sürücü ilə DİN-in İnzibati Həbs Olununların Saxlanma Məntəqəsində görüşüb. Əvvəlcə əməlindən peşman olduğunu deyən sürücü "avtoxuliqanlıq xırda əməldir, içmişəm, yol polisi deyib saxla, saxlamamışam” deyərək, əməlinə normal yanaşıb: "Burada şişirdilməli heç nə yoxdur. Bunu şişirdəni tapacam. Mən oğurluq etməmişəm, cibə girməmişəm. Camaat 15 il "srok” yatır. Mən də sürmüşəm, tutublar, cəzamı da çəkirəm. Burada nə var ki?” .
Azərbaycan Dillər Universitetinin 3-cü kürs tələbəsi olan Nicat Abdullayev həm də ailənin tək övladıdır. O, bir ay əvvəl də həbsdə olub. Bu dəfə isə qonşularla dava etdiyi üçün məhkəmə qarşısına çıxarılıb və 1 ay inzibati həbs cəzasına məhkum edilib. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Demək olar ki, hər ay Nicatın hərəkətləri ilə bağlı qonşulardan polisə daxiil olur. O, evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dipçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş. Polisə daxil olan növbəti şikayətdə isə Nicat sahə müvəkkilinə müqavimət göstərib və buna görə də aprelin 8-də Nəsimi rayon Məhkəməsi ona bir aylıq həbs cəzası verib. Bundan əvvəl isə yanvarın 18-də də Nicat Abdullayevin 30 günlük inzibati həbsi olub.
Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olub. Bu dəfə də o, Xəzər rayon Məhkəməsi tərəfindən avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati həbs cəzası ilə cəzalandırılıb.
Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisidir. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurpaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir. Dünən oğlunun cəza çəkdiyi məntəqəyə gedən Nurpaşa Abdullayev oğluna su göndərmək istəyib. Lakin polislər bildirib ki, içəri hər hansı qida qəbul olunmur, çünki orada saxlanılanlar hər şeylə təmin olunublar.
Polislərin bu sözlərindən qəzəblənən Nurpaşa Abdullayev polislərə təzyiq göstərməyə çalışıb və onlara bildirib ki, kiməsə tapşırtdırıb onlara hər gün su daşıtdıracaq…
BAKU.WS
Oxşar xəbərlər
Bakıda polisləri bir-birinə vuran "avtoş" məmur oğlu imiş (VİDEO)
Xəbər verdiyimiz kimi, mayın 19-da, axşam saatlarında Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin "saxla" əmrinə tabe olmayaraq onun üstünə m...