Paytaxtda dəhşətli cinayət - 26 il əvvəl törədilmiş qətlin üstü açıldı
1997-ci il yanvarın 24-də Keşlə qəsəbəsində yerləşən fərdi evlərdən birində 66 yaşlı Zoyaxanım Rzayevanın meyiti aşkarlanıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Zoyaxanım Rzayevanın ölümünə küt travma nəticəsində beyinə qansızma səbəb olub. İş üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, cinayəti törədən şəxs və ya şəxslər müəyyən edilməyib. Müvafiq qərar ilə cinayət işinin icraatı dayandırılıb.
2023-cü il iyunun 24-də isə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda 26 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb.
Bakı şəhər sakini Kərim Kərimli cinayət məsuliyyətinə cəlb edilib. İstintaqla müəyyən olunub ki, 1997-ci ildə Keşlə qəsəbəsində yaşayan Zoyaxanım Rzayeva qonşusu Kərim Kərimlini bibisi oğlu Vidadi Cəfərovun ölümündə günahlandırıb.
Z.Rzayeva hər dəfə Kərimi görəndə deyib ki, Vidadi Cəfərov onun gətirdiyi narkotik vasitənin təsirindən dünyasını dəyişib. Yanvarın 22-də saat 18 radələrində Kərim Kərimli qadının yanına gedərək onu ittiham etməsinin səbəbini soruşduqda Zoyaxanım Rzayeva kobud cavab verərək Kərimdən evini tərk etməsini tələb edib. O, qonşusunun ünvanına işlətdiyi nalayiq ifadələrdən hiddətlənərək evdən çıxıb və giriş qapısının yanında divara söykədilmiş dəmir borunu götürərək geri qayıdıb, dəhlizdə dayanmış yaşlı qadına yaxınlaşaraq arxadan rəhmsizliklə baş nahiyəsinə dəfələrlə güclü zərbələr endirib. Kərim bu hərəkəti ilə zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
Bundan başqa, Kərim Kərimli özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin fevral ayında tanışı, şərti adı Lalə Cəfərova olan qadının Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi və orada inşa edilmiş evi satmaq istəməsini öyrənib. Qadına torpağı və evi 45 000 manata satacağına dair yalandan söz verərək əmlak alqı-satqısı ilə məşğul olan, onun cinayətkar niyyətindən xəbəri olmayan Asif Cəbrayılova müraciət edərək özünü L.Cəfərovanın əri kimi təqdim edib. Asif Cəbrayılovun vasitəsilə torpağı ev ilə birlikdə 16 000 manata sataraq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim Kərimliyə 17 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. 2006-cı ildən 2021-ci ilədək 14 il 6 ay cəza çəkdiyi müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Qeyd edək ki, K.Kərimli müxtəlif cinayətlər törətdiyinə görə 2003-cü ildən 2021-ci ilə qədər dəfələrlə məhkum olunub.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Öldüyü deyilən qadın 35 il sonra ailəsi ilə görüşdü
"Səni Axtarıram" verilişinin ötən gün yayımlanan buraxılışında şok hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, uzun axtarışlardan sonra verilişin komandası 35 ildi...