Parkın işıqlandırılması sayğacına qoşulan sakinə dəyən ziyan ödəniləcək - YENİLƏNİB - VİDEO

Parkın işıqlandırılması sayğacına qoşulan sakinə dəyən ziyan ödəniləcək - YENİLƏNİB - VİDEO
Video
Hadisə 1034

Xırdalanda parkın işıqlandırılması sayğacına qoşulan vətəndaşa dəymiş ziyan ödəniləcək.

Bu barədə məlumat BAKU.WS-ə Abşeron rayonu Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı Abşeron RİH-nin müvafiq şöbələri tərəfindən dərhal araşdırma aparılıb.

Məlum olub ki, 2021-ci ildə Xırdalan şəhərinin 27-ci məhəlləsi, 1B binasında baş vermiş partlayış nəticəsində həm yaşayış binası, həm də ərazidə olan fərdi yaşayış evlərinə ciddi ziyan dəymişdir. Verilmiş rəy nəticəsində yaşayış binası təmir olunmuş, fərdi evlər isə digər əraziyə köçürülməklə yerində abadlıq işlərinin aparılmasına qərar verilmişdir:

"Bununla əlaqədar olaraq ərazidə Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən dağınıq sahədə parkın salınması ilə bağlı 2024-cü ildə tender elan olunmuşdur. Qalib şirkət tərəfindən ərazidə abadlıq, quruculuq işləri aparılmış və park salınaraq vətəndaşların istifadısinə verilmişdir. Şirkət tərəfindən park ərazisinə 11 işıq dirəyi quraşdırılmışdır ki, onlardan yalnız ikisi şirkətin elektriki tərəfindən texniki anlaşılmazlıq səbəbindən vətəndaşın istifadəsində olan sayğacına qoşulmuşdur.

Məsələ ilə əlaqədar olaraq Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən şirkətə məlumat verilmiş, şirkət də öz növbəsində texniki anlaşılmazlığa görə vətəndaşdan üzrxahlıq edirək bildirib ki, gün ərzində dəymiş ziyan hesablanaraq tam şəkildə vətəndaşa ödəniləcəkdir. Bundan əlavə bildiririk ki, müraciətimiz əsasında Abşeron Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik xətti sayğacdan ayrılmışdır".

***12:14

Xırdalan sakininin başına iş gəlib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçi iddia edir ki, Xırdalanda icra tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə ev 1B mənzil 45 ünvanının sayğacına qoşulub.

Nəticədə də ev sahibi 5 ay ərzində işıqpuluna qat-qat artıq pul ödəməli olub:

"Mən adi vaxtlarda ay ərzində işığa 10 manat pul ödəyirdim, lakin son 5 aydır ki işıq kartımızda pul tez-tez bitirdi. Vəziyyətdən şübhələnsəm də ağlıma heç nə gəlmirdi. Demək olar hər ay 60-70 manat işıqpulu ödəyirdim. Nəhayət bu gün “Azərişıq”a müraciət etdikdən sonra sayğaca baxış keçirildi, məlum oldu ki, yaxınlıqdakı parkın işıqlandırması mənim mənzilimin sayğacına qoşulubmuş. Belə çıxır ki, 5 aydır parkın işıqpulunu mən ödəyirmişəm".

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Son xəbərlər