Nazirlik bəraət alan şəxsə təzminat ödəmək istəmir
Kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il həbs cəzasına məhkum edildikdən 3 il 10 ay sonra bəraət alan yük maşını sürücüsü Polad İsmayılova ödənilən təzminat azaldılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, təzminatla bağlı üç fərqli məhkəmədə qərar qəbul edilib.
İsmayılov əvvəlcə Gəncə Şəhər Məhkəməsinə müraciət edib. O, həbsdə qaldığı illərin əvəzi olaraq dəymiş maddi ziyana görə 78 min 200 manat, mənəvi ziyana görə isə 100 min manat təzminat istəyib.
Bəraət almış şəxs iddia tələbini belə əsaslandırıb ki, o, həbsinə qədər Azərbaycandan xarici ölkələrə yük daşıyan maşının sürücüsü olub. Ayda iki dəfə yük aparıb-gətirib, hər dəfə də 1000 dollar pul alıb. Hesabladıqda həbsdə qaldığı 3 il 10 ay ərzində 46 min dollar gəlirdən məhrum edilib. Mənəvi ziyana gəldikdə isə ağır cinayətlə günahlandırıldığından keçirdiyi əzab-əziyyət hisslərinin əvəzi olaraq 100 min manat konpesasiya tələb etməsi ədalətlidir.
Məhkəmə iddianı qismən təmin edib, P.İsmayılova ümumilikdə 59 min 240 manat təzminat kəsilib.
Lakin cavabdeh qismində tanınan Maliyyə Nazirliyi bu qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsi qərarı ləğv edərək iddia tələbinə Bakıda-Nəsimi Rayon Məhkəməsində yenidən baxılmasına qərar verib.
Maliyyə Nazirliyi etirazını belə əsaslandırıb ki, onların hərəkətləri nəticəsində iddiaçıya heç bir zərər dəyməyib. Yəni Polad İsmayılov prokurorluğun hüquq pozuntusu nəticəsində cinayət məsuliyyətinə cəlb edilib, cavabdeh kimi də həmin qurum tanınmalıdır. Nəticə etibarilə təzminat hüquq pozuntusu törədən Baş Prokurorluqdan tələb edilməlidir.
Məhkəmə nə iddiaçının, nə narazı nazirliyin tələbini tam əsaslı sayıb. Yeni qərarla Polad İsmayılovun maddi ziyanın əvəzi olaraq təzminat tələb etməsi qəbul edilməyib. Hakim deyib ki, iddiaçının həbsdə qaldığı illər ərzində nə qədər gəlirdən məhrum edildiyini əks etdirən dəqiq sübut yoxdur.
Polad İsmayılova təyin edilmiş əvvəlki 59 min 240 manat təzminat azaldılaraq yalnız mənəvi ziyana görə 46 min manat təzminat kəsilib. Həmin məbləğin ödənilməsini də Maliyyə Nazirliyi təmin etməlidir.
Oxşar xəbərlər
Azərbaycanın İranla ticarət dövriyyəsi 13 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsi 117 milyon 646 min ABŞ dolları təşkil edib. BAKU.WS Dövlət Gömrük Komitəsinə isti...