Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"

Naxçıvanda bacısını öldürən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs qətli namus üstündə törətdiyini deyib.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, 40 yaşlı Ruslan Əlili bacısı Elfanə Əliyevanı küt alətlə ağır xəsarətlər yetirərək qətlə yetirib.
Hadisə Culfa rayonunda baş verib. Ruslan bacısının səhv hərəkətlər etdiyini düşünərək onu qətlə yetirib. Ruslan ilk dəfə bacısının başqa bir şəxslə qaçmasına, iki gün sonra evə qayıtmasına qəzəblənib. Lakin bununla bağlı bacısına heç bir irad bildirməyib.
Ruslan bacısının sonradan 43 yaşlı şəxsə ərə getməsinə də narazılıq edib və bunu da özünə təhqir hesab edib. Ruslanın bacısını öldürməyə qərar verməsinə səbəb olan hadisə isə maraqlıdır. Hadisədən bir neçə gün əvvəl Elfanə qardaşı Ruslanın evinə gəlib və onun arvadının alt paltarlarını götürərək su kanalına atıb. Ruslan bunu özünün namusuna xələl gətirilməsi kimi qiymətləndirib. Bundan sonra bacısını öldürmək qərarına gəlib.
Bu məqsədlə bacısının onlara gəlməsini gözləyib. Hadisə günü Ruslan həyətdə uzunluğu bir metr olan dəmir parçasını qapının arxasında gizlədib. Bacısının evə gəlməsini gözləyib.
Elfanə qapıdan həyətə keçən kimi Ruslan ona zərbələr endirməyə başlayıb. Ruslanın bacısına sözləri isə belə olub: "Namusumu küçələrə atmısan".
Əməlindən peşman olduğunu deyən Ruslan bacısını xüsusi amansızlıqla öldürmədiyini söyləyib. Bildirib ki, hadisə zamanı bacısı ona yalvarmayıb, aman diləməyib. Onun sözlərinə görə ilk zərbədən sonra Elfanə yıxılıb və ona müqavimət göstərə bilməyib.
Məhkəmənin hökmü ilə Ruslan 10 il azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Ehtiyatda olan polkovnik-leytenant Mehman Dadaşov vəfat edib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək...