Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar
Digər 19

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tamştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, İctimai Televiziyada yayımlanan "Pressinq" verlişində məlumat verib.

Onun sözlərinə görə, ilk mərhələdə adambaşına maliyyələşməyə keçən məktəblər üzrə tamştatlı müəllim anlayışı tətbiq olunacaq:

"İlkin seçim meyarları ilə bağlı daha təfərrüatlı qaydalar, seçim meyarları olacaq. Lakin ilkin baza göstəricilərinə əsasən seçim sertifikasiya prosesində ən yüksək nəticə göstərən, həqiqətən bu prosesdə iştirak etmək istəyən, iş şəraiti ilə razılaşan və kifayət qədər fərqlənən səriştələrə malik müəllimlər arasından aparılacaq. 2027-ci ildən etibarən bu prosesə start veriləcək. Bəzi hallarda nəticələri yüksək olan, ümumiyyətlə, müxtəlif qiymətləndirmələrdən keçən müəllimlər məktəblərdə çox az dərs saatı ilə təmin olunurlar. Bəzən 6, bəzən isə 12 saat dərslə kifayətlənirlər. Bu, müəllim sıxlığı ilə də əlaqəli ola bilər. Bəzi hallarda isə müəllimlərin öz iradəsi və istəyi ilə bu formada təşkil edilir. Düşünürük ki, bu, ümumi təhsil sistemi üçün o qədər də arzuolunan mənzərə deyil".

MÜTDA sədri vurğulayıb ki, müəllimin məktəblə əlaqəsi və məktəbə bağlılığı daha sıx olmalıdır:

"O, müəllim vəzifəsini daşıyırsa, vaxtının daha böyük hissəsini məktəbdə keçirməlidir. Eyni zamanda daha çox qiymətləndirmələr aparmalı, nəticələri təhlil etməli, zəif nəticə göstərən uşaqlarla işləməli, valideynlərlə əlaqə qurmalı və ünsiyyətdə olmalıdır. Tam ştatlı müəllim anlayışının mahiyyəti də bundan ibarətdir".

Xatırladaq ki, elm və Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacağını deyib. Həmçinin qeyd edib ki, tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər