MTN generalının işindəki zərərçəkənlə bağlı - Şok dələduzluq faktları
"MTN işi” ilə bağlı hər gün yeni cinayətlərin, yeni məlumatların üzə çıxdığı bir məqamda bu qurumun digər qruplaşmasının rəhbəri olan general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamda qeyd olunan epizodlardan biri ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
S.Qurbanovun sabiq vəkili Valeriy Vəliyev "Qafqazinfo”ya müdafiə etdiyi şəxsin cinayət işində zərərçəkmiş kimi tanınan Cəmşid Novruzovla bağlı maraqlı məqamları açıqlayıb.
İttihama görə, Sübahir Qurbanov vəkili Valeriy Vəliyev vasitəsilə C.Novruzova məxsus 4,5 milyon manat dəyərində 3 mərtəbli tikilini zorla dələduzluq yolu ilə 305 min manata alıb. Həmçinin, MTN generalı onun bağını, maşınını, ailə üzvlərinin bank hesablarındakı pulları da hədə-qorxu ilə ələ keçirib. Həmin əmlakın isə saxta yollarla, öncə "Royalbank”ın sədri Əli Camın adına keçirildiyi, sonra isə saxta hərracla S.Qurbanovun oğlu Erkinə satıldığı qeyd olunub.
C.Novruzov Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qohumudur.
V.Vəliyev isə zərərçəkən kimi tanınan C.Novruzovun əslində özünün dələduz olduğunu bildirib. O qeyd edib ki, C.Novruzov bundan öncə 2 dəfə həbs olunub. C.Novruzov və atası Şoyqu Novruzov Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya "Razvitiye” birgə müəssisəsinin əmlakını saxta sənədlər vasitəsilə ələ keçirdiklərinə görə 1997-ci ildə həbs ediliblər. Ş.Novruzov 4 il həbs cəzası alsa da, C.Novruzov amnistiyaya düşüb. C.Novruzov 2004-cü il sentyabr ayında Əhməd Vəliyevin sahibi olduğu "Muğanbank”ın "Gənclik” filialının müdiri olanda saxta sənədlər vasitəsilə 704 min manat vergidən yayınmaqda təqsirləndirilərək həbs olunub və 8 ay həbsdə qaldıqdan sonra məhkəmə qərarı ilə azadlığa buraxılıb.
Həbsdən çıxan C.Novruzov Əli Camın rəhbəri olduğu "Royalbank”da işə düzəlir. Burada atasının sürücüsünü Tovuz filial mütəxəssisi kimi rəsmiləşdirib onun adına maaş alıb. Bundan başqa, yaxınlarının adına 7 faizlə kənd təsərrüfatı krediti adı ilə 400 min manat ayırıb, həmin pulu təkrar bankda 22 faizlə depozitə qoyub və bu yolla bir hesabdan 76 min manat qazanıb.
Ə.Cam bunlardan xəbər tutduqdan sonra onun bir əməli barədə Tovuz prokurorluğuna müraciət edib. C.Novruzov üçüncü dəfə həbsinin reallaşacağını biləndə qohumu Əhməd Vəliyevə müraciət edib. Ə.Vəliyevin xahişi ilə Ə.Cam şikayətindən imtina edib, lakin C.Novruzovun mənimsədiyi pulları qaytarmasını tələb edib. Buna görə C.Novruzov bankdan götürüb ödəmədiyi kreditlər hesabına Beyləqan filialında anasının adına açdığı depozit hesabdan 476 min manat, qızı Nigarın adına Nərimanov filialında olan hesabdan 80 min manat çıxarıb və illərdir ödəmədiyi kreditlərin bağlanması üçün təkrar banka köçürüb.
C.Novruzovun maşınını isə Sübahir Qurbanov yox, qohumu, Ə.Vəliyevin oğlu Munir Vəliyev əlindən alıb. M.Vəliyev Əli Cama zəng edərək C.Novruzovun ona borclu olduğunu və bu pulların əvəzində maşını ondan götürdüyünü deyib.
4,5 milyonluq əmlakla bağlı isə vəkil V.Vəliyev deyib ki, burada da C.Novruzov saxta sənədlərdən istifadə edib. Onun prokurorluğa təqdim etdiyi sənəddə Zabitlər Evi ilə "Razvitiye” müəssisəsi arasında həmin ərazinin icarəyə verilməsi barədə müqavilə olduğu qeyd olunub. Lakin Müdafiə Nazirliyi rəsmi olaraq belə bir müqavilənin bağlanmadığını bildirib.
Həmçinin, 2009-cu ildə bağlanan müqavilədə Zabitlər Evinin rəisi kimi göstərilən Rəşad Abuzərovun bu vəzifəyə 2014-cü ildə təyin olunduğu qeyd olunub. Həmin ərazi və tikili "Royalbank”ın sahibi Əli Cama məxsus olub və açıq hərracda satılıb.
BAKU.WS
Oxşar xəbərlər
Akif Çovdarovun vəziyyəti ağırdır
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İ...