Milli mədəni irs obyektlərinin ölkədən qanunsuz aparılmasına görə cərimələr iki dəfə artırılır
Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan ərazisindən qanunsuz aparılmasına görə cərimələr iki dəfə artırılır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcəklər.
Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcəklər.
Qüvvədə olan Məcəlləyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilirlər.
Mühafizə dərəcəsi tətbiqedilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilirlər.
Oxşar xəbərlər
MN-in Tibbi Sənədlər Arxivinin rəisi saxlanıldı
Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb. BAKU.WS "Qafqazinfo" istinadən xəbər verir ki, arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayət...