"Meydan TV işi" üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub

Meydan TV işi üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub
Hadisə 37

"Meydan TV işi" üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkillərinin yanında əyləşmələri ilə bağlı vəsatət təmin edilərək icra olunub.

Vəkil Zibeydə Sadıqova prosesin ictimai maraq kəsb etdiyini bildirərək, təqsirləndirilən şəxslərin jurnalist olduqlarını vurğulayıb və media nümayəndələri tərəfindən çəkiliş aparılmasına icazə verilməsi barədə vəsatət qaldırıb. Lakin bu vəsatət təmin edilməyib.

Proses ittiham aktının elan olunması ilə davam etdirilib. Növbəti məhkəmə iclası yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan TV işi" üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov və Aysel Umudova saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında iş üzrə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunublar. Mart ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib. Avqustda isə foto-müxbir Əhməd Muxtar saxlanılıb.

Son xəbərlər