İdarə: "Samuxda direktor müəllimə qarşı hər hansı güc tətbiq etməyib" - YENİLƏNİB - VİDEO

İdarə: Samuxda direktor müəllimə qarşı hər hansı güc tətbiq etməyib - YENİLƏNİB - VİDEO
Video
Hadisə 4

Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil edilib.

Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar.

Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.

Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

***15:34

Samuxda müəllimlə direktor arasında insident baş verib.

48 yaşlı ibtidai sinif müəlliminin 38 yaşlı direktor tərəfindən döyüldüyü iddia edilib.

Söhbət Samuxun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdən gedir.

İbtidai sinif müəllimi Şəhla Qasımovanın sözlərinə görə, direktor onu telefona cavab vermədiyi üçün uşaqların gözü qarşısında təhqir edib:

“Qeyri-iş günü məktəbin direktoru zəng vurub, mən açmamışam. Telefona cavab vermədiyimə görə mənə təhqiramiz mesajlar yazdı. Dərs keçdiyim vaxt 24 uşağın qarşısında əlindəki qara kitabça ilə gəlib başıma vurdu. Yaxamdan tutub dedi ki, sinifdən çıxmalısan”.Məktəbin direktoru Şahin Məmmədov isə deyilənləri böhtan adlandırıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.

Qeyd edək ki, döyüldüyü iddia edilən müəllim baş vermiş hadisə ilə bağlı polisə müraciət edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər