Mədət Quliyev: "Gəncədə silahlı müqavimət göstərən 5 nəfər məhv edilib"
Noyabr ayının 14-də Qırğız Respublikasının Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
BAKU.WS DTX-nın saytına istinadən xəbər verir ki, general-polkovnik Mədət Quliyev tədbirdə "Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzusunda çıxış edərək bildirib ki, dünyanın bir sıra regionlarında, xüsusilə Yaxın Şərqdə hərbi-siyasi vəziyyət gərgin qalmaqda davam edir.
Suriya və İraq ərazisində hərbi əməliyyatların aktiv fazasının başa çatmasına baxmayaraq, terrorçu və dini-ekstremist təşkilatlar tərəfindən həmin regionun hüdudlarından kənarda özəklərini yaratmaq cəhdləri qeydə alınır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirib ki, Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib.
Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub. Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib.
General-polkovnik Mədət Quliyev qlobal təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və kollektiv tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.
Bu baxımdan türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin aktual və vacib olduğunu qeyd edən Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması yönümündə təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransın XXI iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin yüksələcəyinə ümidvar olduğunu qeyd edib.
General-polkovnik Mədət Quliyevin iclas çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
BAKU.WSOxşar xəbərlər
İlham Əliyev Mədət Quliyevlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyevə Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd...