Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olub

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilmişdir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə məlumatında bildirilib.
Qeyd olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınmışdır.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilmişdir.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.
Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmışdır.
Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcəkdir.

Oxşar xəbərlər
DTX-dən MİDA-da 5 saniyəyə 500 mənzilin satılması ilə bağlı əməliyyat - Saxlanılanlar var - RƏSMİ
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tar...