Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Akif Tağıyev bacısının keçmiş əri, zərərçəkmiş Cəlal Balayevlə münasibətlərə aydınlıq gətirmək məqsədilə onunla əlaqə saxlamaq üçün fərqli üsula əl atıb. O, "TikTok" sosial şəbəkəsində qız adına açılmış profil vasitəsilə zərərçəkmiş şəxslə yazışaraq onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kirayədə qaldığı mənzilə dəvət edib.
Cəlal mənzilə daxil olduqdan dərhal sonra təqsirləndirilən şəxs ondan bacısı ilə boşanmasının səbəblərini soruşmağa başlayıb. Qısa müddət sonra tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
İstintaq materiallarında qeyd olunur ki, mübahisə zamanı Akif əlindəki dəmir parçası ilə zərərçəkmişin sol qoluna zərbə endirib, daha sonra əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş şəxs sol bazunun yuxarı hissəsində bazu oynağını əhatə edən geniş qançır, həmçinin sağ bazusunda müxtəlif bədən xəsarətləri alıb.
Bundan sonra hadisə daha da gərginləşib.
Belə ki, təqsirləndirilən şəxs mənzildəki masanın üzərində olan bıçağı götürərək Cəlalın üzərinə gedib. Zərərçəkmiş bıçağın tiyəsindən tutaraq onu zərərsizləşdirməyə çalışarkən, Akif bıçağın dəstəyini geri çəkməklə onun əllərinin kəsilməsinə səbəb olub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Cəlalın sağ əlin ovuc hissəsində üç kəsilmiş yara, sağ əlin beşinci barmağında və sol əlin dördüncü barmağında kəsilmiş-deşilmiş yaralar, həmçinin hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər aşkarlanıb. Bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxs zərərçəkmişə qəsdən sağlamlığa yüngül zərər vurub.
Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə ittiham elan olunub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Akif Tağıyevə 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Oxşar xəbərlər
Vətən müharibəsi qazisi, aşpaz vəfat etdi
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əm...