Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi

Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi
Hadisə 1281

Ali Məhkəmədə arvadını bıçaqlamaqda təqsirləndirilən Bəhruz Əliyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib, zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin olunub və məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməyib. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə, zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv edilib və cinayət işi yeni apellyasiya baxışına təyin olunub.

İttihama görə, hadisə 13 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb. Belə ki, Bəhruz Əliyev qısqanclıq zəminində keçmiş arvadı İ.Əliyevanı bıçaqlayıb. Kürək nahiyəsindən xəsarət alan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İlkin araşdırmalardan sonra qadının keçmiş həyat yoldaşı Bəhruz Əliyev tərəfindən bıçaqlanması məlum olub. O, saxlanılaraq istintaqa təhvil verilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilib. Bəhruz Əliyevə 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Son xəbərlər