İrandan narkotik tranziti ilə məşğul olan qrup üzvlərinin məhkəməsində ittiham aktı elan edilib

İrandan narkotik tranziti ilə məşğul olan qrup üzvlərinin məhkəməsində ittiham aktı elan edilib
Hadisə 10

İrandan narkotik tranziti ilə bağlı keçirilən əməliyyat nəticəsində saxlanılan dəstə üzvlərinin - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy əldə etdikləri narkotiki Bakıda satmağı planlaşdırıblar.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə onlara elan edilən ittiham aktında qeyd olunub.

İttihama görə, Sergey Safronov tamah niyyəti ilə Dmitri Bezuqlıy, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçov, Dmitri Fyodorov, Boris Timaşov, İlya Bezuqliy və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.

İttihamda qeyd olunub ki, onlar həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparıblar, eləcə də cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşiblər.

Həmçinin ittihamda vurğulanıb ki, aralarında əldə olunan razılaşmaya əsasən Sergey Safronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,153 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda 50 ədəd narkotik vasitə metadon dərman tabletləri və külli miqdarda 36,814 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək gələcəkdə hər birinin satışını birgə həyata keçirmələri üçün hissələrə ayırıb öz aralarında bölüblər.

Qeyd edək ki, adıçəkilən şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar və barələrində 2025-ci il iyulun 1-də Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar Azərbaycanın Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham olunurlar.

Son xəbərlər