"Heç cibimdəki pulları saya bilmirəm" - Yarım milyardlıq MƏHKƏMƏ İŞİ

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin dindirilməsi davam etdirilib.
Prosesdə ifadə verən Anar Əhmədov bildirib ki, o, "Ozan" MMC-də inzibatçı kimi çalışıb: "Ofisdə 2015-ci ildən turizm işində çalışmışam. Məni işə Fərhad Qasımov qəbul etmişdi. Rəsmi əmək müqaviləli işçi kimi 1000 manat maaş alırdım. 2023-cü ildə bizim ofisə Kibercinayətkarlıqla Mübarizə İdarəsindən gəlib axtarış apardılar. Dindirildikdən sonra sənədləri gətirdilər. Eynəyim olmadığı üçün mən də oxumadan imzaladım. Daha sonra həbs olundum. Ofisdə aşkar olunanlardan xəbərim olmayıb. Şahid Nailə Kərimova ilə aramızda pul məsələsi olduğunu deyirlər, lakin biz bir-birimizi tanımırıq".
Vəkil məhkəməyə vəsatət verərək təqsirləndirilənin ibtidai istintaqa verdiyi ifadənin sübutlar siyahısından çıxarılmasını xahiş edib. O, bildirib ki, Anar Əhmədovun ifadəsi alınarkən hüquqi normalar pozulub.
Məhkəmə müşavirə əsasında qərara alıb ki, vəsatətə yekun müşavirədə münasibət bildirilsin.
Digər təqsirləndirilən Cavid Əzizov da bildirib ki, onu işə Fərhad Qasımov qəbul edib və o, həmin şirkətdə nəzarətçi vəzifəsində çalışıb.
O, ittihamda mühasib işləməsi iddiasına münasibət bildirib: "Mən heç cibimdəki pulu saya bilmirəm. Mənim ona savadım çatmazdı. İttihamı qəbul etmirəm. Onların heç birini oxumamışam. Təqsirləndirilənlərlə qohumuq. Onlarla başqa əlaqəm olmayıb. Bahadır Qasımov xaricdə yaşayırdı. Ofisə tez-tez gəlmirdi. Əleyhimə ifadə verənlərini niyə belə etdiyini bilmirəm. Özləri bilsin, Allahları bilsin".
Digər təqsirləndirilən Fərhad Qasımov ifadə verməyə hazır olmadığını deyib.
Ona vaxt verilib.
Proses mayın 5-də davam etdiriləcək.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər
Dənizkənarı Milli Park ərazisində kişi ölüb
Dənizkənarı Milli Park ərazisində təxminən 35-40 yaşları arasında kişi yıxılaraq qəfildən dünyasını dəyişib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, onun in...