Evlənmək üçün qız qaçıran şəxslərə HÖKM OXUNDU

Gəncə Ağır Cinayətlər Məhkəməsi Bərdə rayonunda baş vermiş adam oğurluğu hadisəsi ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb.
Məhkəmə iki təqsirləndirilən şəxsi – 1992-ci il təvəllüdlü Elnur Əliyev (ad vəsoya şərtidir) və 1993-cü il təvəllüdlü Samir Həsənov (ad vəsoya şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi (qabaqcadan əlbir olan qrup tərəfindən adam oğurluğu) ilə təqsirli bilib. Hər iki təqsirləndirilən şərti cəza alaraq məhkəmə zalından azad edilib.
BAKU.WS-in məlumatına görə, hadisə 2024-cü ilin yanvar ayının 12-də Bərdə rayonunun Mehdili kəndində baş verib.
Məhkəmə materiallarına görə, təqsirləndirilənlər həmkəndliləri olan zərərçəkmiş şəxsi evlənmək məqsədilə oğurlamaq üçün plan qurublar. Onlar zərərçəkmişi yaşadığı evin qarşısından qaçırıb, VAZ 2107 markalı avtomobilə mindirərək Ağdam rayonunun Quzanlı qəsəbəsinə aparıblar.
Yol boyu Vüqar Xəlilov (ad vəsoya şərtidir) cinayətdən imtina edərək avtomobildən düşüb, lakin təqsirləndirilənlər zərərçəkmişi dostlarının evinə çatdırıb orada saxlayıblar. Sonradan zərərçəkmiş Tərtər rayonunda polis tərəfindən tapılıb.
Məhkəmə iclasında təqsirləndirilən Elnur Əliyev ittihamı qismən qəbul edərək bildirib ki, zərərçəkmişlə 7 il münasibətdə olublar və qaçış razılıqla baş verib. O, zərərçəkmişi "zorla qaçırılma" görüntüsü yaratmaq üçün avtomobilə mindirdiyini, lakin ailəsinin razı olmadığını iddia edib.
Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişi polisə könüllü qaçdığını deyəcəyi barədə video çəkdiyini qeyd edib. İbtidai istintaqda verdiyi ifadədə isə o, ittihamı tam qəbul edib.
Samir Həsənov də ittihamı qismən qəbul edərək bildirib ki, qardaşının xahişi ilə kömək edib və zərərçəkmişin razılığı olduğunu düşünüb. O, avtomobili idarə etdiyini və hadisədən sonra zərərçəkmişi Tərtərə apardıqlarını söyləyib.
Məhkəmə təqsirləndirilənlərin zərərçəkmişlə barışmasını, ilk dəfə cinayət törətmələrini, Elnur Əliyevin anasının vəfatını və Samir Həsənovun iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib. Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələri tətbiq edilərək cəza aşağı həddə endirilib. Nəticədə:
Elnur Əliyevə 8 il azadlıqdan məhrum etmə cəzası verilib, lakin Cinayət Məcəlləsinin 70.1-ci maddəsi ilə şərti hesab edilib. Sınaq müddəti 1 il 6 ay təyin edilib.
Samir Həsənova 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib, şərti hesab edilib. Sınaq müddəti 2 il təyin edilib.
Hər iki təqsirləndirilən "həbs" qətimkan tədbirindən azad edilərək "başqa yerə getməmək" tədbiri ilə əvəz olunub. Onların davranışına nəzarət yaşayış yerləri üzrə icra və probasiya şöbələrinə həvalə edilib.
Oxşar xəbərlər
Ermənistanda Masis şəhərinin meri həbs edildi
"Ermənistanda Masis şəhərinin meri David Hambartsumyan altı il üç ay müddətinə həbs edilib". BAKU.WS Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə onun vəkili T...
