Ərinin qətlində təqsirləndirilən qadın: "Hər dəfə söz verirdi, amma yenə eyni adam olurdu"

Ərinin qətlində təqsirləndirilən qadın: Hər dəfə söz verirdi, amma yenə eyni adam olurdu
Hadisə 150

Ərinin qətlində təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin sərbəst ifadəsi dinlənilib.

N.Quliyeva Natiq Quliyevlə 2016-cı ildə ailə qurduqlarını bildirib:

"Mən Natiqin ikinci həyat yoldaşıyam. O, usta idi, təmir işləri görürdü. Natiq bir dəfə ailəli olsa da, övladlarının olmaması səbəbindən ayrılmışdı. Biz ilk vaxtlar çox yaxşı münasibətdə olmuşuq, amma sonra Natiq get-gedə dəyişməyə başladı, çox içirdi. Hər dəfə onunla danışıb yola gətirməyə çalışırdım, bu pis aludəçiliyindən qurtulması üçün onu dilə tuturdum. Hər dəfə söz verirdi, amma bir neçə gün sonra yenə eyni adam olurdu. Hadisə baş verən gün işə getmişdim, günorta 2 radələrində qayıtdım. Gördüm ki, özü süfrə açıb, atası ilə yeyib-içirlər.

İşdən gələn kimi uşağı yedizdirib ikinci mərtəbəyə çıxardım. Pəncərədən baxanda onun həyətdə telefonla danışdığını gördüm. Kimlə nə danışdığının bilmirəm, amma telefonla söhbəti yekunlaşdırandan sonra yuxarı çıxdı, söymədiyi adam qalmadı. Qaynanam aşağı mərtəbədə idi. Mübahisəmiz təxminən 15 dəqiqə çəkdi. Ona dedim ki, səs salmasın, uşaq təzə xəstəxanadan çıxıb, səs-küydən narahat olmasın idi. Sonra isə mətbəxdə iş görəndə Natiqə dedim ki, bu yaşayış deyil, bezmişəm, uşağımıza da mənfi təsir edir, pis vərdişlərindən əl çəksin, biz də normal ailələr kimi yaşayaq. Üstümə cumub saçımdan dartdı, necə gəldi vurmağa başladı. Ağlayıb yalvardım ki, vurmasın. Onu özümdən uzaqlaşdırdım, təkrar üstümə cumdu. Bu zaman necə oldu bilmədim, əlimdə olan bıçaq ona girdi".

Növbəti proses yanvarın 22-nə təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə məsuliyyətə cəlb olunub.

Son xəbərlər