Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"

Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: Biletlərin qiyməti 10 dəfə qalxıb
Hadisə 89

İran, İsrail və ABŞ arasında davam edən gərginlik fonunda Dubayda hava məkanı vaxtaşırı qapandığı üçün uçuşlar ləğv edilib. Hazırda bir çox azərbaycanlılar ölkəyə qayıtmaqda çətinlik çəkirlər.

BAKU.WS xəbər verir ki, bununla bağlı bir neçə həmvətənimiz Oxu.Az-a şikayət ünvanlayıb.

Vətəndaşlar qeyd edirlər ki, Dubaydan Azərbaycana uçuşlar yalnız "FlyDubai" aviaşirkəti tərəfindən təşkil edilir:

"Son günlər regionda baş verən hadisələr səbəbindən bir çox uçuşlar ləğv olunub. Hazırda Dubaydan Azərbaycana yalnız "FlyDubai" aviaşirkəti ilə uçuş mövcuddur və biletlərin qiyməti 1 852-2 336 manata (4000-5000 dirhəm) qədər yüksəlib. Bu aviaşirkət ilə uçuşlar normalda 138-185 manat (300-400 dirhəm) olub. İndi isə qiymətlər 10 dəfədən çox qalxıb. Bu şirkətin reysləri ilə qayıdan vətəndaşların hər biri öz büdcəsi hesabına qayıdır. Qayıda bilməyənlər isə çətinlik yaşayırlar.

Təxminən 300-ə yaxın azərbaycanlı Dubayda qalıb. Onların arasında vizasının müddəti bitənlər, biletləri ləğv olunanlar və artıq hotellərə pul ödəyə bilmədiyi üçün çətin vəziyyətə düşən insanlar var. Bəziləri artıq küçələrdə qalmaq məcburiyyətindədirlər. Azərbaycan konsulluğuna müraciət olunub. Bizdən siyahılar toplanır. Gözləyirik.

Burada təhlükə ilə üz-üzəyik. Gün ərzində bir neçə dəfə telefona raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq mesajları gəlir".

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Son xəbərlər