Dövlət Komitəsi Masallıda azyaşlı gəlinin qətli ilə bağlı məlumat yayıb

Dövlət Komitəsi Masallıda azyaşlı gəlinin qətli ilə bağlı məlumat yayıb
Hadisə 818

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb.

BAKU.WS-in xəbərinə görə, məlumatda qeyd olunur ki, 29.01.2020-ci il tarixdə kütləvi İnformasiya vasitələrində Masallı rayon Həsənli kənd sakini yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızının 2 həftə öncə Xoşçobanlı kənd sakini ilə evləndiyi, yetkinlik yaşına çatmayanın ölməsi ilə bağlı məlumat öz əksini tapıb. Faktla bağlı cinayət işi açılıb.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hüquq mühafizə orqanlarına və yerli icra hakimiyyəti orqanına sorğu ilə müraciət edilib.

Araşdırmalar göstərir ki, uşaq nikahı hallarında məişət zorakılığının baş vermə riski daha yüksək olur. Bununla əlaqədar olaraq, Komitə bir daha xatırladır ki, ölkə qanunvericiliyində yetkinlik yaşına çatmayanın erkən yaşda ərə verilməsi uşaq hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasında nikaha daxil olmaq üçün yaş həddi qanunvericiliklə 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.1.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti nəzərdə tutur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar. Qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.

Qeyd edək ki, Masallı rayonu Xoşçobanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərova 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən qətlə yetirilib.

Son xəbərlər