Banka borcu olduğu üçün dövlət sərhədini qanunsuz keçən şəxsə hökm oxundu

Banka borcu olduğu üçün dövlət sərhədini qanunsuz keçən şəxsə hökm oxundu
Hadisə 122

Sədərək Rayon Məhkəməsində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən İmran Əkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İmran Əkbərov 1600 manat miqdarında cərimə cəzasına məhkum edilib.

İttihama görə, İmran Əkbərov 2023-cü il sentyabrın 5-də şəxsiyyəti istintaqa Muxtar, Rasim adları ilə məlum olan Azərbaycan vətəndaşlarının qabaqcadan vəd etdikləri köməyi ilə Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, sərhəd nəzarətindən yayınmaqla ölkədən Türkiyə Respublikasına qəsdən qanunsuz olaraq keçib.

O, məhkəmədə ifadəsində bildirib ki, 2011-ci ildə "Dəmir Bank"dan lizinq əsasında götürdüyü avtomobilin pulunu ödəyə bilməyib. Sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən banka olan borcunu ödəyə bilməməsi səbəbindən ölkədən çıxışına məhdudiyyət tətbiq edilib. Buna görə də Azərbaycan dövlət sərhədini qəsdən qanunsuz olaraq keçib.

Bu il martın 5-də İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycana gəldiyi zaman sərhədçilərə adına rəsmiləşdirilən pasportunu təqdim edib. Onun pasportu ilə müvafiq rəsmiləşdirmə işləri aparılan zaman ölkədən çıxışı olmadığı müəyyən edilib.

Son xəbərlər