Bakıda əcnəbilərin şok əməlləri: Hamilə qadın və əri ata-oğulun əl-qolunu bağladı, sonra... – TƏFƏRRÜAT

Şri-Lanka vətəndaşları - 1980-ci il təvəllüdlü Rathnayake Nuvan, 1992-ci il təvəllüdlü Sedara Munasinghe, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Dinesh Geethackarigenin işi üzrə şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.
BAKU.WS telaqraf-a istinadən xəbər verir ki, Şri-Lanka vətəndaşları Abşeron rayonunda pakistanlı Dinuka Pathirahanı və onun atası Dammikanı qəsdən öldürməyə cəhddə, onlarla qarşı quldurluqda təqsirli biliniblər.
İttihama görə, hadisə 2022-ci ilin sentyabrın 21-də Masazır qəsəbəsində baş verib.
Təqsirləndirilənlər və hazırda barəsində axtarış elan edilmiş digər şəxs sentyabrın 21-də saat 21:30-da Azərbaycanda yaşamaq, işləmək və təhsil almaq üçün vasitəçilik vədi verən Dinuka Pathiranı müvəqqəti yaşadıqları mənzilə dəvət ediblər. Onlar Dinuka Pathiraya Azərbaycanda yaşamaq istəmədiklərini və Şri-Lankaya qayıtmaq istədiklərini bildiriblər, xərc kimi verdikləri 1500 ABŞ dolları geri tələb ediblər.
Mübahisə zamanı onlar Dinuka Pathiraya bıçaqla, butulka ilə xəsarət yetiriblər. Daha sonra bıçağı Dinukanın boğazına dirəyərək onu öldürəcəklərini deyiblər. Onun bank hesabından 400 dolları öz kartlarına köçürüblər, pul kisəsindən 3300 ABŞ dolları nağd pulu, mobil telefonlarını götürüblər.
Dəstə üzvləri mənzildə olan qaz balonunun klapanını açıblar və evə qaz buraxıblar, güclü partlayışla və ya qazın evə dolması nəticəsində zəhərlənmələri səbəbindən həm zərərçəkmiş şəxslərin, həm də həmin binada olan digər mənzillərdə yaşayan çoxsaylı insanların xəsarət almasına və ya ölməsinə səbəb ola biləcək hərəkətlər ediblər.
Dəstə üzvləri Dinuka Pathiraya və onun atasını mənzildə döyərək halsız vəziyyətə salıblar, onların əl və ayaqlarını bağlayıblar, qapını da arxadan bağlayaraq oranı tərk ediblər.
Lakin onlar getdikdən sonra Dinuka özünün və atasının əl-ayağını açmağa nail olub. Qaz balonunun klapanını bağlayıb və binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən həyətə düşüb. Orada olan polis əməkdaşlarının köməyi ilə atasını da həmin mənzildən çıxarmağa nail olub.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama) maddələri ilə ittiham elan edilib.
"4800 dollar ödəməli olduğumu söylədi"
Təqsirləndirilən şəxs qismində ifadə verən Dinesh ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Şri-Lankada olarkən feysbuk sosial şəbəkəsində Azərbaycanda tələbə qəbulu ilə bağlı reklam görüb, reklamı yayımlayan adamla danışıb: "Həmin şəxs mənə Azərbaycanda həm işləyə, həm də oxuya biləcəyimi dedi.
İlk növbədə viza xərclərini və təhsil üçün 4800 dollar ödəməli olduğumu söylədi. Özüm və yoldaşımın viza xərcləri üçün Dammikanın bank hesabına 65 dollar ödədim. 4 gün sonra Dammika bizə viza verdi və yoldaşımın Qərbi Kaspi Universitetində oxumalı olduğunu dedi. Yoldaşım üçün Qərbi Kaspi Universitetinin sənədlərini göndərdik".
"Azərbaycana gəldik"
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqust ayının 22-də onlar Şri-lankadan Azərbaycana gəlib: "Bizi hava limanından götürməyə gəldilər. Bizi "Eleon" adlı otelə apardılar.
Bir gün sonra Dammika və oğlu Dinuka otelə gəldi və bizdən 1500 dollar pul aldılar. Bizə iki telefon və simkart verdilər. İki gün sonra oteldə qalmaq üçün xərclərin çox olduğunu dedi və bizi Masazırda evə apardılar. Kirayə haqqı 350 manat idi.
Həmin şəxslər mənim və yoldaşımın pasportlarını götürdülər. Evin iki açarı vardı, biri bizdə qaldı, o birini özləri götürdülər. 5-6 gün sonra biz Azərbaycanda qalmaq üçün yaşayış icazəsi almalı və buna görə 2200 dollar ödəməli olduğumuzu söylədilər. Pulu Şri-lankadakı agentliyə göndərməyimizi istədi və onların pulu Dammikaya transfer edəcəyini söylədilər. Biz də pulu göndərdik".
"Nə işləyə, nə də oxuya bildik"
Dineshnin ifadəsinə görə, Dammika onların evinə taksi göndərib və müxtəlif analizlərdən keçməli olduqlarını deyib: "Biz heç yerə getmədik. Bundan sonra xəstələndim və 2 həftəlik hamilə olduğum bilindi. Biz Azərbaycanda nə işləyə, nə də oxuya bildik. Artıq Şri-Lankaya qayıtmaq istəyirdik. Çünki vizamızın da vaxtı bitmişdi.
Mən Dammikadan pasportlarımı istədim. Dammika universitetə məktub yazmalı və nə üçün getdiyimizi izah etməli olduğumuzu bildirdi. Yoldaşım məktub yazdı və hamilə olduğum üçün getmək istədiyimizi bildirdik. Dammika isə səbəb kimi bunu deyil, qohumlarının öldüyünü yazmağımızı istədi.
Məktubu yazdıqdan sonra Dammikaya göndərdim. Bir-iki gün sonra Dammika bizə pasportlarımızı qaydasında olduğunu və bizə qaytaracağını dedi".
"Dedi, onu vurma, hamilədir"
Təqsirləndirilən şəxs deyib ki, daha sonra onlar Şri-Lankada olan agentlikdən Vasanta və Kumarı tapıblar: "Onlara pulumuzun olmadığını dedik və gələrək bizi hava limanına aparmalarını istədik. Saat 9-dan sonra Dammika və oğlu bizə gəldi. Növbəti ayın kirayəsi üçün 350 manat istədilər.
Biz gələn ay bu evdə qalmayacağımızı deyəndə Dammika və oğlu kirayəhaqqı verməsək pasportlarımızı qaytarmayacaqlarını bildirdilər. Yoldaşım onlara izah etdi ki, işləməyimiz və təhsil almağımız üçün heç nə etməyiblər, ona görə də Şri-lankaya qayıtmaq istəyirik.
Dammika və oğlundan onlara verdiyimiz pulun taleyini soruşduq. Onlar daha iki həftə Azərbaycanda qalarıqsa, pulumuzu qaytaracaqlarını söylədi. Biz bu vədə inanmadığımızı dedik.
Dammikanın əlindəki çantanın içində çoxlu pasportlar vardı. Yoldaşım çantanı onun əlindən almağa cəhd etdi ki, pasportlarımızı götürək. Dammika yoldaşımı itələdi, mənim isə saçımdan tutaraq arxaya çəkdi. Mən stolun üstündəki butulka ilə onu vurdum. Yoldaşım Dammikanı itələyəndə o, stolun üstündəki daş kimi bir şeyi götürüb onun başına vurdu.
15-20 dəqiqə sonra Vasanta və Kumar gəldilər. Vasanta niyə mübahisə etdiyimizi soruşdu. Yoldaşım Dammikadan pasportlarımızı almağa çalışdığını izah etdi.
Vasanta mübahisə etməməyi və Dammikadan pasportları geri qaytarmasını istədi. Dammika pasportları versə və biz Şri-Lankaya qayıtsaq, biznesini itirəcəyini və heç kimin ona inanmayacağını dedi.
Dinuka məni vurmaq istədi. Yoldaşım ona mənim hamilə olduğumu dedi. Kumar Dinukanın əlini arxadan bağladı. Dammika telefonunun parolunu dedi və telefonundan 500 manat köçürdüm. Bundan sonra yoldaşım pasportları götürdü və taksiylə evi tərk etdik. Hava limanında tutulduq, polislər bizi Masazıra apardılar".
"İş tapmaq öz öhdəsinə düşdü"
İş üzrə zərərçəkmiş qismində ifadə verən Dammikanın sözlərinə görə, 4 ildir Bakı şəhərində iki hosteli var və onları işlədərək pul qazanır: "Həmin hostelləri Azərbaycanın qanunlarına riayət edərək açmışam və işlətmişəm.Hostellər şirkətimə məxsusdur, direktoru da özüməm. Həmçinin müxtəlif ölkələrdən gələn insanların Azərbaycanda işlə təmin olunmasına, təhsil almasına da kömək edirəm. MMC-nin əsas fəaliyyət istiqamətlərindən biri də budur".
Zərərçəkmiş şəxs qeyd edib ki, 2022-ci ilin iyul ayında Vasanta adlı Şri-Lanka vətəndaşı Azərbaycana gəlib: "Ona Azərbaycanda yaşaması üçün icazə sənədini almaq və qalmaq üçün ev tapmaqda kömək etdim. Bununla bağlı müqavilə bağladıq. Buna görə Vasantadan 800 ABŞ dolları aldım. Vasantanın qalması üçün ev tapdım və evin pulunu ödədim. Daha sonra isə ona Azərbaycanda yaşamaq üçün icazə sənədi alıb verdim. İş tapmaq isə onun öz öhdəsinə düşdü".
"Qaz balonuna fikir vermədik və onu bağlamadıq"
Dammika daha sonra ifadəsində təqsirləndirilən şəxslə görüşməsindən, onlarla olan mübahisəsindən, təqsirləndirilən şəxslər tərəfindən döyülərək xəsarət almalarından, dəstə üzvlərinin onların əl-ayaqlarını bağlayaraq getmələrindən danışıb:
"Dinukanın ağzı bağlıydı. Bu müddət ərzində qaz iyini hiss etdim. Təxminən 20 dəqiqə sonra Dinuka əl-ayaqlarını açmağı bacardı. Mənim də əl və ayaqlarımı açdı.
Dinuka tez pəncərəni açaraq çölə çıxdı və bir neçə dəqiqədən sonra iki nəfər polis əməkdaşı ilə birlikdə gəldi. Məni də pəncərədən çölə çıxardılar. Çünki mənzilin qapısı bağlıydı. Ayağım sındığı üçün hərəkət edə bilmədim. Başımız özümüzü xilas etməyə qarışdı, qaz balonuna fikir vermədik və onu bağlamadıq. Pəncərə də açıq olduğundan qaz içəridə qalmadı.
Bundan sonra evə getdim və 102 xidmətinə zəng edərək olanları bildirdik. Daha sonra polis əməkdaşları yaşadığımız evə gəldi. Mən bundan sonra xəstəxanaya, oğlum Dinuka isə Abşeron rayon Polis İdarəsinə gedərək ərizə ilə məlumat verdi".
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rathnayake Nuvan və Sedara Munasinghe hər biri 15 il, Dinesh Geethackarigen 14 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Şikayətlər təmin edilməyib.
Oxşar xəbərlər
12 il sonra vəzifəsindən azad olundu
Sahil Tahirli "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. BAKU.WS xəbər verir ki,...
