Bakıda 1 ton xəstə heyvan əti satmaq istəyən şəxs tutulub (FOTO)

Bakıda 1 ton xəstə heyvan əti satmaq istəyən şəxs tutulub (FOTO)
Hadisə 1831
 

Qazax rayon sakini 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

BAKU.WS-in məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qazax rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Ayaz Əliyev 1 tondan artıq mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Qazax və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Bənzər hadisə ötən gün də baş verib. Azərbaycanda bir ton mənşəyi bilinməyən ətin satışının qarşısı alınıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Namiq Ağayev 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

BAKU.WS

Son xəbərlər