Bacısını "WhatsApp" yazışmasına görə öldürməyə cəhd edən qardaş HƏBS EDİLDİ

Bacısını WhatsApp yazışmasına görə öldürməyə cəhd edən qardaş HƏBS EDİLDİ
Hadisə 91

Şəki Ağır Cinayətlər Məhkəməsi Balakən rayonunda baş verən qəsdən adam öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işinə baxıb.

Məhkəmənin qərarına əsasən, 1973-cü il təvəllüdlü Akif Səmədov (ad və soyad şərtidir) bacısı Həliməti qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilinib və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

BAKU.WS-in məlumatına görə, hadisə 2024-cü ilin 11 mart tarixində Balakən şəhərində baş verib.

Məhkəmə materiallarına görə, Akif bacısı oğlu Azərşənin göstərdiyi "WhatsApp" səs yazılarından (bacısının tanımadığı şəxslə intim söhbətləri) xəbər tutub və bunu ailə namusuna ləkə kimi qiymətləndirib.

Əsəbiləşən Akif evindən qatlanan bıçaq götürərək bacısının yaşadığı evə gedib, onu üz, sinə və qarın nahiyələrindən 4 dəfə bıçaqlayıb. Həlimət ağır yaralanaraq xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsi ilə həyatı xilas edilib. Hadisə zamanı Azərşən müdaxilə edərək Akifin hərəkətlərinə mane olub.

Məhkəmədə Akif özünü qismən təqsirli bilib, lakin öldürmək niyyətinin olmadığını, bacısının təhqirləri səbəbindən əsəbiləşdiyini iddia edib. Lakin məhkəmə onun ifadələrində ziddiyyətlər aşkarlayıb və sübutlar əsasında qəsdən öldürməyə cəhd faktını təsdiqləyib.

Cəza təyin edilərkən Akifin əvvəllər məhkum olunmaması, könüllü təslim olması və peşmançılıq ifadə etməsi yüngülləşdirici hallar kimi nəzərə alınıb.

Son xəbərlər