Azərbaycanda keçmiş icra məmuru saxta toy edib pul yığıb
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmək və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Naibə Piriyeva ifadəsini davam etdirib.
O, ötən məhkəmə iclasında dediyi kimi, təqsirləndirilən şəxsi Binəqədi rayon Polis İdarəsindən tanıyıb.
N.Piriyeva qeyd edib ki, A.Məmmədov onun oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək adı ilə ondan ilk dəfə 15 min manat pul alıb: "Məndən daha 8 min dollar pul istədi. Həmin pulla da özü işə düzələcəkdi. Sonra Asif məndən daha 500 manat pul aldı".
Zərərçəkmiş ifadə verərkən A.Məmmədovla aralarında bir neçə dəfə mübahisə yaranıb. Onlar bir-birilərinin ünvanına təhqiramiz ifadələr səsləndiriblər.
A.Məmmədov bildirib ki, N.Piriyeva yalan danışır.
Bu sözlərə qəzəblənən zərərçəkmiş A.Məmmədov haqqında məhkəməyə məlum olmayan başqa bir məqamın da üstünü açıb.
O söyləyib ki, A.Məmmədov yalandan toy edərək pul yığıb. Qadın bu işdə ona kömək etdiyini də etiraf edib: "Bir gün anası məndən oğluna qız tapmağımı istədi. Mənə dedi ki, yalandan toy edib pul yığmaq istəyirlər. Mən də belə bir adam tapa bilməyəcəyimi söylədim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini bildirdim. Ağıllarına batdı və razılaşdılar. Asif Ədliyyə Nazirliyində, polisdə tanıdıqları şəxsləri toya çağırmışdı. Restoranda yalnız kişilər idi. Anası, mən və daha 6 nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar yalandan toy edib pul yığdılar".
Bu zaman da tərəflər arasında mübahisə yaranıb.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.
Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.
BAKU.WSOxşar xəbərlər
Xalq artisti məhkəmədə dindiriləcək - 325 min manatlıq dələduzluq işinə görə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WS-in "Report"a ist...