Azərbaycan Baş Prokurorluğu şirkət direktorunun həbsi üçün İsveçrəyə müraciət etdi
Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirliklərindən daxil olmuş İsveçrə Konfederasiyasının vətəndaşı "Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyəti ilə bağlı materiallarda göstərilən xüsusatlar Baş Prokurorluqda araşdırılıb. Araşdırmalar zamanı V.Sirmakesin Ermənistanın ölkəmizin işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olması, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının razılığı olmadan icazəsiz Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılış mərasimində iştirak etməklə dövlət sərhədini qanunsuz keçməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar müəyyən edilib. Göstərilən faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. V.Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müvafiq qaydada hüquqi yardım göstərilməsi barədə vəsatət göndərilib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Nazirlik Qarabağdakı qanunsuzluğa görə hərəkətə keçdi
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xarici ölkələrin şirkət və təşkilatlarının qanunsuz fəaliyyətinin qarşısının alınmas...