Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdi - FOTO

Azərbaycanda kişi arvadına görə qayınanasını və qayınatasını güllələdi - FOTO
Foto
Hadisə 171

2020-ci il sentyabrın 18-də Xaçmaz rayonu ərazisində Bəykəs Yunusov və həyat yoldaşı Sona Yunusovanın yaşadıqları evdə silahdan açılan atəşlə qətlə yetirilmələri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları ünvana gələrək, lazımi istintaq hərəkətlərini yerinə yetiriblər. Daha sonra isə 1974-cü il təvəllüdlü Rəhman Osmanov Xaçmaz rayon Polis Şöbəsinə gələrək qayınana və qayınatasını öldürdüyünü deyərək könüllü təslim olub.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Rəhman Osmanov nikahdan kənar qeyri-rəsmi arvadı Könül Yunusovanın onu tərk edib, atasının evinə getməsi ilə əlaqədar qayınatası Bəykəs Yunusovu, qayınanası Sona Yunusovanı və qaynı Cavid Yunusovu günahkar bilib. Rəhman adları çəkilən qohumlarının onun ailədaxili işlərinə müdaxilə edərək, həyat yoldaşını ondan ayırıb öz evlərinə apardıqları üçün qisas niyyəti ilə onları öldürmək qərarına gəlib. Bu məqsədlə avqust ayında yaşadığı Seyidli kəndindəki fərdi evin həyətində, mərhum atasından qalmış 16 kalibrli ov tüfənginin lüləsini kustar üsulla kəsərək ilkin təyinatını dəyişdirib. Sentyabrın 18-i səhər saat 6 radələrində yüngül dərəcəli sərxoş halında qayınatasının Ləcət kəndində yaşadığı evə gedib. Əvvəlcə odlu silahdan yaxın məsafədən qayınatasına, ardınca da qayınanasına atəş açıb. Bununla da hər ikisini xüsusi amansızlıqla öldürüb. Daha sonra vahid niyyətini başa çatdırmaq məqsədilə, yaxınlıqda yaşayan qaynı Cavid Yunusovun evinə yollanıb. Evin giriş qapısı bağlı olduğundan, fiziki güc tətbiq edərək qapını zorla açmağa çalışıb. Amma qapını aça bilmədiyindən, tüfəng kəsiyindən pəncərəni nişan alaraq 2 dəfə atəş açıb. Qırmalar Cavid Yunusova dəymədiyindən, Rəhman Osmanov onu öldürə bilməyib.

İş üzrə dindirilmiş Rəhman Osmanov bildirib ki, 1999-cu ildən qeyri-rəsmi Ləcət kənd sakini Könül Yunusova ilə yaşayıb. Onların qızları hazırda ərdədir və qonşu kənddə yaşayır:

“2020-ci il avqustun 23-də evdə olmadığım vaxt qayınanam Sona Yunusova və böyük qaynım evimə gəlib, məndən xəbərsiz arvadımı evlərinə aparıblar. Bununla əlaqədar Cavidə zəng etsəm də, o, zəngimə cavab vermədi. Bir neçə gün Könülün evə qayıtmasını gözləsəm də, o, geri qayıtmadı. Buna görə bu məsələyə bir dəfəlik son qoymağı qərarlaşdırdım. Əsas günahkarlar qayınatam, qayınanam və qaynım idi. Onlar daim mənim ailədaxili işlərimə müdaxilə edərək, ailəmi dağıtmağa çalışırdılar. Tüfəngin lüləlisini kəsməkdə məqsədim onu çantada rahat daşımaq idi. Sentyabrın 18-i gecə saat 3 radələrində içkili vəziyyətdə silahı və 8 ədəd patronu qara rəngli idman çantasına qoyub, qayınatamın yaşadığı evə yollandım. Evin qarşısında tüfəngi və patronları çantamın içərisindən çıxardım. Bir neçə saat həyətdəki talvarın altında oturub onların yuxudan oyanmasını gözlədim. Saat 6-da 2-ci mərtəbəyə qalxıb kiçik qaynım Firuzun yatdığı otağa keçdim. Firuzu yuxudan oyadıb bacısının harada olduğunu soruşanda o, bacısının evdə olmadığını dedi. Firuzdan siqaret götürüb yenidən həyətə düşdüm. 1-ci mərtəbədə qayınana və qayınatamın otağına daxil olub. Könülün harada olduğunu soruşdum. Onlar Könülün başqa yerdə olduğunu söylədikdə, hər ikisinə iradımı bildirdim. Əvvəlcə qayınatamın, sonra da qayınanamın sinəsinə yaxın məsafədən atəşlər açdım. Səsi eşidən arvadım otağa girdi və yerə yıxılmış ata-anasını gördü. Qaynım Firuz Könülə dedi ki, dərhal buradan qaçsın. Evdən çıxıb arvadımın arxasınca getdim. Təxminən 60 metr aralıda yerləşən böyük qaynım Cavidin yaşadığı evin yanına çatdım. Könül qaçaraq evə daxil oldu və qapını arxadan kilidlədi. Güclə qapının tutacağını özümə tərəf dartsam da, qapını aça bilmədim. Silahdan evin pəncərəsinə 2 dəfə atəş açdım. Həmin vaxt evdə Cavid, arvadı, uşaqları və Könül var idi.

Bundan sonra, hadisə yerindən uzaqlaşıb Ləcət kəndindəki dəmiryol stansiyasına getdim. Orada qarşıma çıxan polis əməkdaşlarına törətdiyim hadisə haqda danışdım. Silahla qalan patronları onlara təhvil verdim. Bir azdan digər əməkdaşlar gəlib məni polis şöbəsinə apardılar”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Firuz Yunusov ifadəsində göstərib ki, qətlə yetirilmiş şəxslər onun valideynləri olub:

“Yeznəm Rəhman Osmanov son illər mütəmadi spirtli içki qəbul etdiyi üçün arvadı Könüllə aralarında münaqişələri yaranırdı. Bu səbəbdən bacım bir neçə dəfə küsərək ata evinə gəlmişdi. Lakin ailə üzvləri onları barışdırırdılar. Rəhman üzrxahlıq edib Könülü evinə aparırdı. 2020-ci ilin avqust ayında bacım anama zəng edərək Rəhmanın onu incitdiyini və vəziyyətinin artıq dözülməz olduğunu dedi. Onu evimizə gətirməyi xahiş etdi. Anam bu barədə qardaşım Cavidə xəbər verəndən sonra, Seyidli kəndinə gedib Könülü öz istəyi ilə ata evinə gətirdilər. Könül 2-ci mərtəbədəki otaqda qalırdı. Sentyabrın 18-i səhər saat 6 radələrində yatdığım yerdə yeznəm otağa daxil olub məni yuxudan oyatdı. Könülün Rəhmanı görmək istəmədiyini bildiyim üçün ona yalandan bacımın evdə olmadığını dedim. Rəhman məndən siqaret alıb çölə çıxdı. Çox keçmədən həyətdən səs-küy səsləri eşidib 1-ci mərtəbəyə düşdü. Osmanovun tüfəngdən atəş açıb ata-anamı vurduğunu gördüm. Şoka düşüb nə edəcəyimi bilmədim. Yaxınlaşıb tüfəngi əlindən almaq istəyəndə Rəhman yaxınlaşmamağımı, əks halda məni də vuracağını dedi. İçəri girən bacım valideynlərini qan içində görüb, qorxaraq qardaşım Cavidin evinə qaçdı. Rəhman qardaşımın evinə atəş açdı. O, gedəndən sonra qapını döyüb Cavidə çölə çağırdım. Cavidlə birlikdə ata evimizə qayıtdıq. Qardaşım Daxili İşlər Nazirliyinin “102” xidmətinə və təcili tibbi yardıma zəng edərək məlumat verdi. Yoxlayanda artıq anamın nəbzi yox idi. Lakin atam hələ yaşayırdı. Təcili Tibbi yardım briqadası atamı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmədilər. Həmin gün valideynlərimi kənd qəbiristanlığında dəfn etdik”.

Şahid Könül Yunusova ifadəsində göstərib ki, yoldaşı Rəhmanın ona qarşı etdikləri haqsızlıqlar və zülmlərə tab gətirə bilməyib, bir dəfəlik ayrılmaq qərarına gəlib:

“Telefonla anama zəng edərək həyatımdan bezdiyimi, belə gedişlə özümə qəsd edəcəyimi söylədim. Anamdan gəlib məni ata evinə aparmalarını xahiş etdim. Onlar gələnə kimi öz əşyalarımı hazırladım. Həmin vaxtı ərim evdə yox idi. Sentyabrın 18-də səhər Rəhman ata evimə gələrək, valideynlərimi qətlə yetirdi. Yəqin ki, qardaşım Cavidin evinə çatıb gizlənməsəydim yoldaşım məni də öldürəcəkdi. Çünki otağın döşəməsində uzanan ata-anamı görəndə, Rəhman mənə baxaraq, növbəti patronları tüfəngə yerləşdirməyə başlamışdı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Osmanov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər