Azərbaycanda həbsdə olan Fransanın "SAUR" şirkətinin vitse-prezidentinin cəzası azaldılıb
Azərbaycanda həbsdə olan Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası 3 il azaldılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, Anass Derrazın apellyasiya şikayəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yəni qərara əsasən, onun cəzası 12 ildən 9 ilə endirilib.
İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzəcəyini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəmi üzərində həbs qaldırılan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.
F.Əhmədov Anass Derrazın "AL HILAL BANK"dakı hesabına 200 min dollar və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına 400 min dollar köçürüb.
Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət alınmasında köməklik etmədə ittiham olunur. Qeyd edək ki, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub. "Qırmızı bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur. Xatırladaq ki, bir müddət əvvəl İnterpol Aleksandr Benallanı "Qırmızı bülleten"lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.
Oxşar xəbərlər
Masazırda "Gelandewagen"i "Kia"ya çırpan sürücü barədə tədbir görülüb
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də...