Azərbaycanda ata ögey qızına dəhşətli işgəncə verdi - VİDEO - TƏFƏRRÜAT

Dünən 7-8 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində, Yeni tikililər adlanan ərazidə evlərin birində azyaşlı qız uşağı ögey atası tərəfindən döyülüb və işgəncəyə məruz qalıb.
Bu barədə hadisə şahidi Rəşidə Səmədova BAKU.WS-in “qaynar xətt”inə məlumat verib. Şikayətçinin sözlərinə görə, uşaq ögey atalığı Əli Quliyev tərəfindən işgəncəyə məruz qalıb.
“Bu ailə bizim qonşumuzdur. Uşağın anası ilk həyat yoldaşından ayrılıb və Əli adlı şəxslə ailə qurub. İşgəncəyə məruz qalan Cəmilə (ad şərtidir) 3-cü sinifdə oxuyur.
Atası onu döyüb, əllərini qaynar bıçaqla yandırıb. Biz bunu görəndə uşağı çağırdıq. Başına gələnləri özündən soruşduq və sonra polisə müraciət etdik”, - deyə Rəşidə Səmədova bildirib.
Şikayətçi deyir ki, hadisəni bilən Əli Quliyev onların evinə gəlib və dava salıb: “Məni və anamı da hədələdi. Üstəlik anamı itələdi və xəsarət yetirdi”.
Məsələ ilə əlaqədar ittiham olunan tərəflə əlaqə saxladıq. Ögey qızını döyməkdə ittiham olunan Əli Quliyev BAKU.WS-ə açıqlamasında qonşularının ondan acıq çıxdığını bildirib.
“Məndən acıq çıxmaq istəyirlər. Mən onların adına televizor götürdüm. Lakin sonradan həmin televizorun daha ucuz olduğunu öyrəndim.
Mağazanın müdirilə əlaqə saxladım, müdir dedi ki, hadisədən xəbərim olmayıb. Rəşidə mağazanın satıcısı ilə əlbir olub televizoru baha satıblar. Mən danışdım və məbləği aşağı saldırdım. Beləliklə də, aylıq kredit də azaldı. Buna görə məndən intiqam almaq istəyiblər”, - deyə Əli Quliyev bildirib.
Əli Quliyev həmçinin ögey qızını vurduğunu da etiraf edib: “Yoldaşımla uşaqlar üçün məktəb paltarı almağa getmişdik.
Cəmiləni evdə qoymuşam. O da hasara çıxıb və oğlanlara söyüş söyüb, daş atıb. Mən də onu bir ata kimi tənbeh etdim, danladım və yüngülcə vurdum. Əlimlə qoluna vurmuşam ki, olmaz belə. Qızımdır, mənə "ata" deyir, mən də ona "qızım" deyirəm.
Nadinclik edib deyə döymüşəm, tənbeh etmişəm. Əlini bıçaqla yandırmasına gəlincə, həmin gün anasının yanında idi. Anası qəfədanı götürəndə uşağın əli dəydi ocağın altına. Bıçaq isti idi deyə əlini yaraladı”, - deyə Əli Quliyev bildirib.
Sumqayıt Şəhər Polis İdarəsinin məsələni araşdıran əməkdaşı Fərhad Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda işlə bağlı araşdırma aparılır.
“İşlə tanış oldum. Uşaqda gözlə görünən xəsarət izləri vardı. Lakin uşaq ekspertiza olunub. Bundan sonra isə qərar qəbul olunacaq”, - deyə polis əməkdaşı bildirib.
Qeyd edək ki, hazırda Əli Quliyev müstəntiq tərəfindən dindirilir.
Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, məsələyə aidiyyətli qurumların dərhal reaksiya verəcəyinə inanır:
“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi operativ şəkildə də bu məsələyə reaksiya verəcək, buna əminəm. Əmin olmadığım isə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və uşaq hüquqlarının müdafiəsi komissiyasının reaksiya verməsidir. DİN Sumqayıt Şəhər Polis İdarəsinin ərazi üzrə bölməsinin də ciddi araşdırma aparacağına böyük ümid bəsləyirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...
