ATV-nin döyülən əməkdaşları ilə bağlı məsələ böyüdü

ATV-nin döyülən əməkdaşları ilə bağlı məsələ böyüdü
Hadisə 6678

Prokurorluq araşdırmaya başladı, xuliqanlıq maddəsi ilə cinayət işi açıldı

ATV-də yayımlanan "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov Şamaxıda restoranlardan birində qarşılaşdıqları təzyiqdən bəhs edib. "ATV xəbər”ə danışan A.İsmayılov deyib ki, sahibkarın bu cür davranmasına səbəb restorandakı antisanitar vəziyyət olub: 

"On dəqiqəyə yaxın çəkiliş etdik. Həmin ərəfədə sahibkarlardan biri gəlib, kənarda dayanıb bizi izlədi. Biz mətbəxin çirkli yerini çəkəndə isə təzyiqlər başladı. Kameramızı sıradan çıxartdılar, operatorumuzu vurdular. Digərləri gəldi, insident başladı. Biz tamaşaçıyıq, kamera ilə mətbəxə girir, qidaların keyfiyyəti, təmizliyi ilə maraqlanırıq. Hər bir insan getdiyi restorandakı mətbəxdəki vəziyyətlə bağlı məlumat almalıdır”.

Mövzu ilə bağlı Respublika Prokurorluğundan da mövqe öyrəndik. Prokurorluğun mətbuat xidmətindən "Yeni Müsavat”a bildirdilər ki, iyunun 4-də jurnalistlərin Şamaxı rayonu ərazisində peşə fəaliyyətlərinin icrası zamanı döyülməsi, təhqir olunması və çəkiliş avadanlıqlarının sındırılması barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş materiallar rayon prokurorluğunda araşdırılıb. Araşdırmalarla müəyyən edilib ki, ATV cari ilin aprel ayından fəaliyyət göstərən "Yoxlama” layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilə əsasında layihə rəhbəri qismində cəlb edilmiş Azər İsmayılov və layihənin əməkdaşları - Elgün Bayramlı, Loğman İsmayılov, Polad Axundzadə, Arif Quliyev və İlqar Quliyev qeyd edilən tarixdə saat 20 radələrində Şamaxı rayonu ərazisində yerləşən "Şamaxı” restoranında çəkiliş apardıqları zaman restoranın müdiri Hüseyn Allahverdiyev və onun qardaşı oğlu Elşad Osmanov jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaqla, onlara müxtəlif bədən xəsarətləri yetirib zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq ediblər. Bundan başqa, hadisə zamanı şirkətə məxsus videokamera və mikrofon zədələnib. 

Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibb ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. 

musavat.com

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər