Akif Çovdarov: “Ağsaqqalına deyərdin, mənə zəng edərdi”
Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Biləcəri bələdiyyə sədri İlham Xəlilov ifadə verərək ibtidai istintaqa danışdıqlarını təsdiq edib.
O, Çovdarovun onu hədələyərək 100 min manat aldığını deyib.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "O, MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. Sonra dedi ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. İstintaqda onu Çovdarovun, məhkəmədə isə Adil Yaqubovun hədələdiyini deyib".
Binəqədi qəsəbəsi bələdiyyəsinin sədri, zərərçəkən Elman Salmanov məhkəmədə İlham Xəlilovu təkzib edib: "İlham Xəlilov mənə "əgər 150 mini verməsən, sənin başına torba keçirəcəklər" dedi. Mən də ağsaqqalımla danışmaq üçün vaxt istədiyimi dedim. Mən 150 min manatı İlhama verdim, o dedi MTN-ə verəcək. Mən Çovdarovu heç vaxt görməmişəm".
Akif Çovdarov çıxış edərək Elman Salmanova cavab verib: "Sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın hacı niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən?". Bu deyilənlər yalandır. Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. İlham Xəlilov mənim adımdan istifadə edərək başqalarından pul alıb".
Prosesdə fasilə elan olunub.
BAKU.WS
Oxşar xəbərlər
Şahid: “Həyat yoldaşım ev, maşın və obyektlərini satıb, Akif Çovdarova 1 milyon manat verib”
Akif Çovdarov aclıq aksiyasını dayandırıb Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Tə...