Mühafizəçiyə balta atan Ağadadaş Ağayev danışdı - YENİLƏNİB-3/VİDEO

Mühafizəçiyə balta atan Ağadadaş Ağayev danışdı - YENİLƏNİB-3/VİDEO
Hadisə 20517

Xalq artisti Ağadadaş Ağayev törətdiyi insidentdən danışıb.

APA TV-yə açıqlama verən A.Ağayev bildirib ki, bu, böyüdüləcək bir hadisə deyil.

"Hər şey yolundadır, bəlkə axşam canlı yayım açdım. Orada açıqlama verəcəyəm", - deyə Xalq artisti bildirib

***16.09

Xalq artisti Ağadadaş Ağayev balta ilə xəstəxana mühafizəçisinə hücum edib və nəticədə tərəflər əlbəyaxa olublar.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev qarşılıqlı ittiham qaydasında əks tərəfdən şikayət verib.

O, şikayətində döyüldüyünü bildirib.

Hazırda polis hər iki tərəfin şikayətləri əsasında araşdırmaları davam etdirir.

***15.56

Xalq artisti Ağadadaş Ağayevin törətdiyi insidentlə bağlı yeni detallar bəlli olub.

Unikal.az xəbər verir ki, hadisə "MedEra" klinikasının qarşısında baş verib.

"MedEra" klinikasının Mühafizə xidmətinin rəisi Valeh Soltanov hadisənin təfərrüatını açıqlayıb:

"Ağadadaş Ağayev bir gün əvvəl də klinikada olub. Ötən gün səhər saatlarında isə eyvandan deyib ki, həkim gəlsin. Həmçinin, gözətçini təhqir edib. Gözətçi Nurəddin Cəlilov isə təhqirlərə görə ona etiraz edib.

Onlar arasında mübahisə həm klinikanın həyətində, həm də içərisində davam edib. Hadisə nəticəsində xəsarət alan N.Paşayeva da "MedEra" klinikasının qeydiyyat şöbəsinin əməkdaşıdır".

***12.00

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A.Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

***11.53

Ağadadaş Ağayevin yaranmış mübahisə zamanı qarşıdakı şəxsə balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.

Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı BAKU.WS-ə bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

***11:12

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.

***10.48

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər