"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşdı

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Bu mərhələdə istintaq tərəfindən "Abzas Media"nın ofisində axtarış zamanı qeydə alınmış videogörüntülər məhkəmə zalında nümayiş etdirilib.
Müdafiəçilər videogörüntülərə baxış zamanı müəyyən qeydlər apararaq, iclas protokoluna əlavə olunmasını təmin ediblər. Təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim etsələr də, müşavirədən sonra vəsatətlərin təmin olunmaması barədə qərar elan edilib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub və ittiham nitqi ilə çıxış üçün söz prokurora verilsə də, o, buna hazır olmadığını bildirib və növbəti prosesədək vaxt istəyib.
Məhkəmə prosesi 20 may tarixinə qədər təxirə salınıb.
Qeyd edək ki, "Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Həmin gün istintaq onun yaşadığı evdə və "Abzas Media"nın ofisində axtarış aparıb və ofisdə 40 min avro məbləğində pulun aşkarlandığı bildirilib.
Noyabrın 20-də saytın direktor müavini Məhəmməd Kekalov 21-nə keçən gecə isə xaricdən qayıdarkən hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıblar. Həmin cinayət işi üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs edilənlər sırasındadırlar.
Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 320.1 və 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakıda şirkət işçisi keçmiş arvadını hotelə aparıb güllələdi - Hadisənin PƏRDƏARXASI
Baku TV-nin "Sonuncu şahid" layihəsinin budəfəki buraxılışı Ömər Behbudovun (şərti ad və soyad) keçmiş həyat yoldaşı Nazilə Əhmədovanı (şərti ad və soyad) güllə...
