Gəncə şəhərində karantin rejimi qaydalarını pozan çayxanalar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonunda gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı şəhərin Kəpəz rayonunda da xüsusi karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.

Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq, çayxana sahibi Mahir İsgəndərovu və altı nəfər müştəri birlikdə aidiyyəti üzrə Kəpəz rayon Polis İdarəsinə gətirib və hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

BAKU.WS
QALEREYA