13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Azərbaycanın yüngül atletika üzrə yığmasının keçmiş baş məşqçisi Metin Sazak Efiopiyada və İsveçdə axtarışa verilib.
 
BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, isveçlilər bir neçə il öncə ölkəmizdə çalışmış 43 yaşlı türk mütəxəssisi 1500 metr məsafəyə qaçışda dünya və Avropa çempionu Abebu Areqavinin dopinqlə təchizatında ittiham edirlər. Bu günlərdə İsveçin Rio Olimpiadasındakı əsas ümidlərindən biri olan bu atletin qanında qadağan olunmuş maddə sayılan mildronat aşkar olunub.
İsveç bayrağı altında çıxış edən 25 yaşlı Efiopiya əsilli idmançı qız İsveç yüngül atletika federasiyası tərəfindən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Əgər "B” dopinq-testi də müsbət nəticə verərsə, onu idmandan 8 illik kənarlaşdırılma cəzası gözləyə bilər.
Əllərində bunun üçün əsas olan isveçlilər hesab edirlər ki, dünya çempionuna mildronatı Metin Sazak "yedirirmiş”. İsveçin "Expressen” nəşri yazır ki, türk qadağan olunmuş bu maddənin bir dozasını 7600 İsveç kronuna, başqa sözlə, 810 avroya satırmış.
Efiopiyanın özündə də Metin Sazakı axtarırlar. Çünki bu ölkənin də 3 idmançısı eyni maddədən istifadə etməkdə günahlandırılıb. Həbəşlərin fikrincə, burada da məsələnin arxasında Metin Sazak durur.

Bəs bu türk kimdir? Sazak əvvəllər uzun məsafələrə qaçışda ixtisaslaşmış atlet olub, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi Türkiyədə və Azərbaycanda çalışıb. Efiopiya ilə də yaxşı əlaqələri olub.

Metin Sazakın "Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd olunanlara inansaq, hazırda o, Minskdə yaşayır. Onunla bağlı bu da məlumdur ki, Sazak dağ idmanı üzrə dəfələrlə Avropa çempionu Ahmet Arslanın məşqçisidir.

BAKU.WS