Xalq artisti Rafael Dadaşov vəfat edib
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşov vəfat edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Xalq artisti Briliant Dadaşova məlumat verib.
Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.
Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rafael Dadaşov 1976-cı ildə Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Teatrın səhnəsində Zaur “Ümid” (M. İbrahimbəyov), Don Juan “Bəşərin komediyası, yaxud Don Juan” (M.İbrahimov), Klavdi “Hamlet” (Uilyam Şekspir), Klavdio “Heç nədən hay küy” (Uilyam Şekspir), Bəhram “Fitnə” (Abdulla Şaiq), Vojevatov və Paratov “Cehizsiz qız” (Aleksandr Ostrovski), Rövşən “Əliqulu evlənir” (Sabit Rəhman), Müstəntiq “İstintaq” (Rüstəm İbrahimbəyov), Birinci reportyor “Səhra yuxuları” (Anar), Knyaz Xasay “Xurşidbanu Natəvan” (İlyas Əfəndiyev), Qədim “Büllur sarayda” (İlyas Əfəndiyev), Cəmil “Unuda bilmirəm” (İlyas Əfəndiyev), Fikrət və Rəşad “Kimdir haqlı?” (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli “Mirzə Şəfi” (Nəbi Xəzri), Vasif “İblis” (Hüseyn Cavid), Qiyas “Şəhərin yay günləri” (Anar), Murad “Nakam qız” (A.Şirvanzadə), Fəxrəddin “Qılınc və qələm” (Məmməd Səid Ordubadi), Camal “Nişanlı qız” (Sabit Rəhman), Həsən Soltan “Şeyx Xiyabani” (İlyas Əfəndiyev), Mayis “Sevgililərin cəhənnəmdə vüsalı” (İlyas Əfəndiyev), Ədhəm Tağıyev “Dəlilər və ağıllılar” (İlyas Əfəndiyev), Mindövlət və Aydar “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”) (Ç.Aytmatov və M.Şahanov), Tesey “Fedra” (J.Rasin), Özdəmir “Afət” (Hüseyn Cavid), Şeyx Nəsrullah “Ölülər” (Cəlil Məmmədquluzadə), Agah Əfəndi (“Qanlı Nigar”, Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski (“Müfəttiş”, Nikolay Qoqol) və s. maraqlı obrazlar yaradıb.
Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın “Ötən ilin son gecəsi” (Rüstəm), K.Holdoninin “Mehmanxana sahibəsi” (Sinyor Kavaler), Aslan Qəhrəmanovun “Səni axtarıram” və “Bağışla” (Vasif müəllim), Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” (Həmid), Hüseyn Cavidin “Topal Teymur” (Orxan), Üzeyir Hacıbəyovun “Ordan-burdan” (Həmid), İlyas Əfəndiyevin “Mənim günahım” (Sahib), İslam Səfərlinin “Göz həkimi” (Rauf), A.Rafın “İblis qadın” (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurlu olub.
Aktyor “Var olun qızlar” (İsa), “Yarımçıq qalmış serenada” (Saksofonçu), “Bəxt üzüyü” (Rasim), “Mənim ağ şəhərim” (Baş mühəndis) bədii, “Qaçaq Süleyman” (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib.
Rafael Dadaşov 1987-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Oxşar xəbərlər
Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə ölüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET AXİ) daha 2 xəstə ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yan...