SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə 2 yaşlı oğlunu yandıraraq qətlə yetirməkdə təqsirləndirilən Elmar Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqov avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə benzin gətirib. E.Sadıqov yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb. Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb, M.Məsimova və S.Məmmədova isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7 ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

BAKU.WS