VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 


 

"Xocalıya biz faciədən sonra gedə bildik. Xocalıya enəndə ermənilər atmağa başladı. Vertolyota minənlər arasında silah təkcə məndə idi. İkinci dəfə Xocalıya gedəndə Əsgəran tərəfdən uçduq ki, elə bilsinlər Ermənistan tərəfdən gəlirik. Vertolyotdan düşəndə bir az aşağıda ermənilər var idi. İkinci dəfə uçanda məqsəd o idi ki, jurnalistlər erməni vəhşiliyini göstərək. Dünyanın bir çox ölkəsindən jurnalistlər bizimlə Xocalıya gəlmişdi. Mən ora çatanda dəhşətə gəldim. Meyitlərin qulağı, başı kəsilmişdi. Biz ilk dəfə gələndə belə bir şey yox idi. Mən bundan öncə Əfqanıstanda döyüşlərdə iştirak etmişəm. Amma Xocalıda baş verənləri görəndə özümü elə itirmişdim ki, indiyə kimi də danışdanda pis oluram". 

 

Bu sözləri BAKU.WS-ə müsahibəsində o dəhşətli faciənin fotolarında əks olunan Əsəd Fərəcov bildirib. Həmsöhbətimiz 1961-ci ildə Gəncədə doğulub. 1979-81-ci illərdə Əfqanıstanda döyüşən sovet hərbi hissələrində qulluqda olub. Bütün bu xidmətləri nəzərə alınaraq təhsil almaq üçün 1981-86-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ryazan şəhərində yerləşən Ali Məktəbinin Hüquq fakültəsinə göndərilib. 1989-cu ildə Arxangelsk vilayətində yerləşən böyük bir islah-əmək koloniyasına rəis təyin olunub. 1993-2000-ci illərdə Azərbaycanda Hərbi Tribunalda hakim vəzifəsində çalışıb. Əsəd müəllim keşmiş ədliyyə naziri Əlisahib Orucovun köməkçisi vəzifəsində də çalışdığını deyir.

  

Faciədən yalnız bir gün sonra Xocalıya gedən həmsöhbətimiz erməni vəhşiliyinin dünyaya car çəkilməsində əvəzsiz rol oynayıb. Faciənin miqyasını və dəhşətləri dünyaya göstərmək üçün silah yoldaşları ilə birlikdə Bakıya qayıdan Əsəd Fərəcov jurnalistlərdən ibarət bir qrupu martın 2-də yenidən Xocalıya gətirib.  

 

 

Əsəd Fərəcov

 

Bizimlə söhbətində ömür yoluna nəzər salan Əsəd Fərəcov o günləri belə xatırlayır:


"Çingiz Xocalını çəkəndə mənim fonda səsim gəlir. Deyirdim ki, Çingiz onu çək, bunu da çək. Uşaq meyitlərini orada qoya bilməzdik. jurnalistlər hamısını çəkirdi. Bu məqamda donmuş uşağı anasından ayırdım. Uşaq iki gün olardı ki, ölmüş anasının qucağında Xocalıda qalmışdı. Sonra meyitləri götürüb məscidə apadıq. Ağdamda qonaq evi deyilən yer var idi. Orada başımı qolumun üstünə qoyub oturmuşdum. Xocalıdakı dəhşətləri xatırlayıb ağlayırdım. Birdə gördüm ki, kimsə əlimdən öpür. Gözümü açdım ki, Ağdamın axundudur. Mənə dedi ki, gətirdiyin uşağı məsciddə yuyanda ayıldı. Sən demə uşağı isti su ilə yuyanda ağlayıb və oyanıb. O zaman həmin uşağın 2-3 yaşı olardı. O uşaq indi də yaşayır. Ancaq mən onu tanımıram, o da məni".

 



 

Əsəd Fərəcov deyir ki, ikinci dəfə Xocalıya gedəndə əməkdar jurnalist Mais Məmmədov da bizimlə getmişdi: "O da mənə kömək etdi və uşaqları vertalyota qoyduq. Onlar ağlayırdı, inana bilmirdilər. Operator yazıq o qədər əsəb keçirdi ki, beli tutuldu. Jurnalistlər həmin dəhşəti görəndə tükləri biz-biz oldu. Bir müddət özlərinə gələ bilmədilər".

 

Həmsöhbətimiz jurnalistlər arasında təxribatçılıq edənlərin olduğunu da etiraf edirdi. Onun sözlərinə görə, fransız jurnalistlərin Xocalıya faciəni işıqlandırmaq üçün deyil, sanki qara yaxmağa gəlmişdi: "Fransızlar mənə deyirdi ki, bəlkə ölənlər elə ermənilərdir. Birinin qolundan tutub məscidə apardım. Ona sünnət olunmuş uşaqların meyitlərini göstərdim. Dedim ki, erməni sünnətli olmur. Bu öldürülən körpələr, qadınlar hamısı azərbaycanlılardır". 

 

 

  

 

Əsəd Fərəcov

 

"Amma mən vəzifədə oturmadım. Çıxdım getdim Qarabağa. Vətən deyəndə biz hər şeydən keçə bilərdik. Mən Qarabağda olanda ölümdən qayıtmışam. 1992-ci ildə Ağdamda olanda snaryad düz başımın üstündən yerə düşdü. Həmin ərazidə olan əsgərlər parça-parça oldu. Amma mənim üstümə heç toz da düşmədi. Hər an ölümlə üz-üzə idik".

 

  

Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı faciəsində ən başda iştirak etdiyini deyən Ə.Fərəcov sözlərinə belə davam edir: "Sarkisyan özü Xocalı faciəsi zamanı komandir olub. Erməni "özünü müdafiə dəstəsi"nə rəhbərlik edirdi. Onlar hamısı bandit idi. Uşaqların, qadınların başına oyun açırdılar. Qocaları işgəncə ilə öldürürdülər. Amma mən bizim əsgərlərə tapşırmışdım ki, heç bir qadına uşağa və qocaya dəyməsinlər. Dedim ki, əsirlərə işgəncə verən olsa başını kəsərəm. Kim ki əsir düşürdü, gətirirdilər bizə. Sonradan erməni əsirləri azərbaycanlılarla dəyişirdik. Ümumiyyətlə bizim millətin qanında belə bir şey yoxdur. Biz ermənilərin elədiyi vəhşiliyi qəbul edə bilmirdik. Ermənilər bu vəhşiliyi törətdikləri üçün onlara nifrət edirdik".
 

Şahin Həbibov

BAKU.WS