SİZİN REKLAM BURADA!
055 213 76 73


Oğuz rayonunun Filfilli kəndində bələdiyyə binası yanaraq külə dönüb.

Bu barədə kənd sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Sakinlərin sözlərinə görə, yanvarın 21-də gecə saatlarında bələdiyyə binasında güclü yanğın olub. Hadisə yerinə yanğınsöndürülənlər çağırılıb.

Əraziyə bir neçə yanğınsöndürən cəlb olunsa da, alovu ram edə bilməyiblər və binanın çox hissəsi yanaraq külə dönüb. Yanğın bələdiyyədə olan rəsmi sənədləri də tamamilə məhv edib.

Kənd sakinləri həmçinin bildiriblər ki, yanğın qəsdən yandırılıb.

Məsələyə aydınlıq gətirmək üçün Oğuz rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun şöbə müdiri Yusif Naxçıvanski BAKU.WS-ə açıqlamasında bildirib ki, həqiqətən də, yanğın bələdiyyə binasında sənədlərin çoxunu məhv edib.

“Yanğın baş verən zaman əraziyə qonşu rayonlardan da yanğınsöndürənlər cəlb edilmişdi. Hadisənin dəqiq səbəblərini tamam dəqiq deyə bilmirəm.

Hazırda hüquq mühafizə orqanları əməkdaşları məsələni araşdırır. Yanğınla bağlı bəzi şübhələr var. Lakin hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq”, - deyə Yusif Naxçıvanski bildirib.

Qurum rəsmisi bildirib ki, bələdiyyə binası köhnə olduğu üçün yanğına səbəb elektrik xətlərində qısaqapanmanın ola bilməsi də istisna deyil. Lakin digər fərziyələrdən biri də yanğının bilərəkdən törədilməsidir.

Məsələ ilə bağlı rayonun Fövqəladə Hallar Komissiyasının sədri Etibar Yusifov BAKU.WS-ə bildirib ki, hazırda faktla bağlı polis və prokurorluqda araşdırma aparılır.

“Bələdiyyədəki sənədlər tamam yanıb. Hadisə səhərə yaxın olub. Faktla bağlı araşdırma aparılıb. Hələlik son rəyə gələ bilməyiblər”, - deyə Etibar Yusifov bildirib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO