SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda kobud qayda pozuntusu yolda tıxaca səbəb olub.

BAKU.WS
xəbər verir ki, “28 Mall”ın qarşısında “Range Rover” markalı maşın yolun əks istiqamətində hərəkət edərək yol hərəkəti qaydasını pozub.

Minik maşını “BakuBus”un qarşısına çıxıb və ona yol verməyib. Nəticədə yolda böyük tıxac yaranıb.

Hadisə şahidləri baş verənləri kameraya çəkərək BAKU.WS-in “qaynar xətti”nə göndəriblər.

Bildirilir ki, həmin hadisə yol polisi əməkdaşlarının gözü qarşısında baş verib. Videodan da göründüyü kimi yol polisi həmin sürücü ilə danışır. Lakin məsələyə müdaxilə etmir və sürücü maşını sürüb gedir.

Bu hal hadisə şahidlərinin marağına səbəb olub və yol polisinin məsələyə müdaxilə edə bilməməsi tənqid edilib.

Qeyd edək ki, “Range Rover” sürücüsünün bu hərəkəti dərəbəylikdir. O, "fifa siqnalı"ndan istifadə edir, yol polisinin göstərişlərinə əməl etmir.

Eyni zamanda, digər yol hərəkəti iştirakçılarının rahat hərəkətinə maneə yaradır. İnsanların həyatını təhlükəyə atır.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Qurumun bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılacaq.

“Əgər hər hansı qanun pozuntusu barədə video yayılırsa, mütləq bu barədə araşdırma aparılır və qanun pozuntusuna yol verən vətəndaş barədə hüquq çərçivəsində tədbir görülür.

Ola bilər ki, videodan elə görünsün ki, sanki yol polisi məsələyə müdaxilə etmir. Lakin hadisənin görüntüləri çəkilir və sonradan həmin sürücü barədə tədbir görülür. Bu hadisəyə gəldikdə, mütləq araşdırma aparılacaq”, - deyə V.Əsədov bildirib.
BAKU.WS
VİDEO