Sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verən qəza ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

BAKU.WS
-ə verilən məlumata görə, Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Bu fakta görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İstintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “azxeber” saytı dünyasını dəyişən Gülgün Əmiraslanlı haqda məlumat yayıb. Bildirilir ki, 25 yaşlı Gülgün Bakı Hava Limanında "Asan Viza"da çalışıb.

O viza mütəxəssisi olub və nümunəvi işçi olub. Qəzaya da işdən evə dönərkən düşüb. Gülgün subay olub.
BAKU.WS