VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.


BAKU.WS
-in məlumatına görə, tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev 2015-ci il dekabrın 14-də ömrünün 86-cı ilində vəfat edib.


Xalq artistinin vəfatı ilə əlaqədar Prezident İlham Əliyev, dövlət və hökumət xadimləri, eləcə də mədəniyyət xadimləri başsağlığı veriblər.


Azər Rzayev 1930-cu il iyul ayının 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbini bitirdikdən sonra o, 1948–1953-cü illərdə konservatoriyada bəstəkarlıq və ifaçılıq ixtisasları üzrə ali musiqi təhsili alıb.


Əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində müəllim kimi başlayan Azər Rzayev 1956-cı ilədək konsertmeyster-müşayiətçi olaraq çalışıb, 1957-ci ildən isə taleyini indiki Bakı Musiqi Akademiyası ilə bağlayaraq burada ömrünün sonunadək müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri işləyib.


1958–1960-cı illərdə Azərbaycan Nazirlər Soveti yanında radio və televiziya komitəsində səs rejissoru, 1965-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olan Azər Rzayev eyni zamanda, 1960–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirib.


Azər Rzayev 1972–1988-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini tutub. Opera və Balet Teatrının tarixində həmin illər Üzeyir Hacıbəylinin operalarının yeni quruluşda səhnələşdirilməsi, yeni əsərlərin işıq üzü görməsi və teatrın kollektivinə çox sayda gənc istedadın cəlb olunması ilə əlamətdardır.


1995-ci ildən etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi nəzdində yaratdığı uşaq simfonik orkestrinə rəhbərlik edən Azər Rzayev respublikada gənc ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməmiş, gələcəyin peşəkar musiqiçi kadrlarının formalaşdırılması işinə sanballı töhfələr verib.


Müasir bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Azər Rzayev Azərbaycan mədəniyyəti xəzinəsini zənginləşdirən, geniş yaradıcılıq diapazonuna malik sənətkarlardandır. Dərin milli ruh, muğamlara bağlılıq, yüksək melodizm və janr əlvanlığı onun yaradıcılığının özünəməxsus keyfiyyətləridir. Altmış ilə yaxın bir müddət ərzində o, yorulmadan çalışaraq qiymətli əsərlər meydana gətirmişdir. Azər Rzayev simfonik orkestr üçün poemaların, konsertlərin, sonata və kamera-instrumental əsərlərin müəllifi kimi şöhrət tapıb. Mahnı janrındakı əsərləri bəstəkarın irsində xüsusi yer tutur. Kinofilmlərə və müxtəlif dram tamaşalarına onun yazdığı musiqilər sənətsevərlərin rəğbətini qazanıb. Azər Rzayevin "Bakı–90” simfoniyası Qanlı Yanvar şəhidlərinə həsr edilmiş qiymətli əsərlər sırasındadır. Sənətkarın bir çox əsərləri ölkənin hüdudlarından kənarda da bu gün uğurla ifa olunur.


Azərbaycan radio və televiziyasında uzun illər ərzində müxtəlif musiqi janrlarına dair silsilə verilişlərin aparıcısı olmuş Azər Rzayevin milli və klassik musiqinin təbliğində mühüm xidmətləri var.


Azərbaycanın müasir musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsi və tanıdılmasında Azər Rzayevin xidmətləri layiqincə qiymətləndirilib. Musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra mükafatlar qazanıb, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən "Şöhrət” ordeninə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.


Tanınmış bəstəkar, mahir pedaqoq və səmimi insan Azər Hüseyn oğlu Rzayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.


Allah rəhmət eləsin!


İlham Əliyev


Artur Rasizadə


Oqtay Əsədov


Ramiz Mehdiyev


Elçin Əfəndiyev


Hacıbala Abutalıbov


Fatma Abdullazadə


Əbülfəs Qarayev


Mikayıl Cabbarov


Arif Məlikov


Firəngiz Əlizadə


Fərhad Bədəlbəyli


Siyavuş Kərimi


Oqtay Zülfüqarov


Tofiq Bakıxanov


Musa Mirzəyev


Xəyyam Mirzəzadə


Ramiz Zöhrabov


BAKU.WS