Gecə Fransanın paytaxtı Paris şəhərində əsil cəhənnəm abu-havası yaşanıb.


BAKU.WS
-in məlumatına görə, şəhərin 6 istiqamətində terror aktları törədilib. Silsilə partlayışlar və silahlı hücumlar nəticəsində 153 nəfərdən çox insanın həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari teraktlar paytaxt sakinlərinin təşvişinə səbəb olub.


Paris şəhərinin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra "Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən "Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.

Qeyd edək ki, terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi teraktların, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri "Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kişik Kamboca" restoranı, "Le Karilyon” barı, "Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi "Stad De Frans” stadionun qarşısı olub. Ən qanlı hadisə "Batalcan” incəsənət mərkəzində baş verib. Terrorçular ətrafda olan bir neçə nəfəri qətlə yetirdikdən sonra konsert zalına daxil olub və xeyli sayda insanı girov götürüb. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlılar əməliyyat keçirib, reyddən xəbər tutan intiharçı-terrorçular üzərlərində olan partlayıcı kəməri işə salaraq, 2 güclü partlayış törədib. Nəticədə azı 100 nəfərin həlak olduğu bildirilir. Xüsusi təyinatlılar 2 terrorçunu zərərsizləşdirib.


Baş verən qanlı hadisələrlə bağlı Parisdə fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə xalqa müraciətində ölkə prezidenti Fransual Olland bəyan edib.


"Fransa hökuməti sərhədlərin bağlanması və paytaxtın küçələrinə nizami qoşunların yeridilməsinə dair qərar qəbul edib”, deyə F.Olland bildirib.
Bununla belə, Parisin "Les Halles” ticarət mərkəzində atışma baş verdiyi bildirilir.

Ziya Səccad
BAKU.WS