393 minlik oğurluq edən satıcı və şirkət əməkdaşları azadlığa buraxıldılar

393 minlik oğurluq edən satıcı və şirkət əməkdaşları azadlığa buraxıldılar
Hadisə 69

Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Səlim Məmmədov, Yusif Həsənov və Mahal Nağıyevin (hər üçünün adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Səlim Məmmədov, Yusif Həsənov, Mahal Nağıyevə 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onların 2023-cü il tarixdən həbsdə olduğu nəzərə alınıb və cəzaları çəkilmiş hesab olunub. Onlar dərhal saxlanıldıqları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad ediliblər.

İttihama görə, Səlim Məmmədov, Yusif Həsənov, Mahal Nağıyev tamah məqsədilə qabaqcadan əlbir olaraq qrup təşkil edib və vahid niyyətlə Cəlilabad şəhərində yerləşən, zərərçəkmiş N.Əlizadəyə məxsus marketin anbarından uzun müddət ərzində gizli talama əməliyyatları həyata keçiriblər.

Belə ki, təqsirləndirilən şəxslər 2020-ci ilin fevral ayından 18 mart 2023-cü il tarixinədək marketin anbarından ardıcıl və sistemli şəkildə məhsullar çıxarmaqla ümumilikdə 392 788.53 məbləğində külli miqdar ziyan vurublar.

Səlim Məmmədov sözügedən marketdə satıcı, Yusif Həsənov isə MMC-lərin birində satış təmsilçisi işləyib.

Yusif Həsənov ifadəsində bildirib ki, Səlimin satmaq istədiyi malların market qiymətindən ucuz olduğunu görüb onunla razılaşıb. Sonra həmin mallardan ondan alaraq işlədiyi MMC-nin sürücüsü Mahal Nağıyevlə aparıb başqa mağazalara aldığı qiymətdən baha qiymətə satıb qazanc əldə edib.

Səlim Məmmədov isə söyləyib ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyib, onunla barışıq əldə edib.

Son xəbərlər