Bakının Novxanı qəsəbəsi-Zabrat dairəsi istiqamətində hərəkət edən 537 nömrəli avtobusun sürücüsü qaydaları kobud şəkildə pozur.

Bu barədə BAKU.WS-ə Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən avtobus sürücüləri və sərnişinlər şikayət ediblər.

Şikayətçilərin sözlərinə görə, 537 nömrəli avtobusun sürücüsü qanunsuz olaraq sərnişin daşıyır.

Şikayətçilər iddia edirlər ki, qeyd edilən avtobus əslində Sumqayıtda fəaliyyət göstərməlidir. Lakin 537 nömrəli avtobusların sürücüləri Sumqayıtdan kənara çıxaraq Bakıya gəlirlər, Novxanı və Zabratda sərnişinləri daşıyırlar.

Bu isə Novxanı-Zabrat istiqamətində fəaliyyət göstərən avtobus sürücülərinin necə deyərlər, çörək pulunun əllərindən çıxmasına səbəb olur.
Şikayətçilərin sözlərinə görə, Eldar adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 99 LA 878 olan “İveco Otoyol” markalı avtobusla fəaliyyət göstərir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. BNA-dan BAKU.WS-ə bildirildi ki, qeyd edilən avtobusun sürücüsü Eldar Aslanovdur və onun idarə etdiyi avtobus Süleymanov Fərhad Seyfəl oğlunun istismarında olan 537 nömrəli marşrut xəttinə aid nəqliyyat vasitəsidir.

“Marşrut xətti üzrə nəqliyyat vasitələri “8 saylı Sumqayıt Regional Nəqliyat” MMC tərəfindən verilən fərqlənmə nişanı əsasında fəaliyyət göstərir ki, bu da yalnız Sumqayıt şəhərinin inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmağa hüquq verir. Bu səbəbdən də həmin nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərməsi qeyri-qanunidir”.

BNA-dan o da bildirildi ki, müəyyən edilən qeyri-qanuni halın aradan qaldırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən 537 nömrəli marşrut xəttinin daşıyıcısına, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “8 saylı Sumqayıt Regional Nəqliyat” MMC-ə xəbərdarlıq edilib.

“Buna baxmayaraq 537 nömrəli marşrut xətti üzrə avtobuslar paytaxtın inzibati ərazisində hələ də qanunsuz fəaliyyətini davam etdirir. Qeyd edilən marşrut xəttiniin qanunsuz fəaliyyətinin qarşısını alınması üçün Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Məlumat üçün bildirək ki, paytaxtın inzibati ərazisində marşrut xətlərinin müəyyən olunması və onlara Fərqlənmə nişanlarının verilməsi prosesini Bakı Nəqliyat Agentliyi həyata keçirir”, - deyə BNA-dan bildirildi.

BAKU.WS