SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
BAKU.WS APA-ya istinadən xəbə verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə BDYP əməkdaşı Eldar Məmmədov ifadə verib. O deyib ki, hadisə günü postda olublar: "Hadisə olan yer bizim əraziyə düşmür. Yalnız, həmin mikroavtobus bizim postumuzdan keçib".
 
Sonra zərərçəkmiş şəxslərin hüququ varisləri şahidə suallar veriblər. E. Məmmədov deyib ki, mikroavtobusun içində normadan artıq sərnişin olduğunu görməyib. Bu cavab zərərçəkmiş şəxslərin valideynlərinin narazılığına səbəb olub.
 
Rauf Seyfullayev deyib ki, "Ford" markalı mikroavtobusun sahibidir. O, təqsirləndirilən şəxsin mikroavtobusu ilə onu ötməyə çalışması ilə bağlı iddialara cavab verib: "Mən yolumla gedirdim. Sonra qəfildən gördüm ki, qırmızı "Ford" qəzaya uğradı. Namiq Hüseynov məni ötməyə çalışırdı, sonra gördüm ki, daşın üstünə çıxdı və sonra "KamAZ”a çırpıldı".
 
R. Seyfullayev hazırda sürücülük hüququndan məhrum edildiyini, qanunsuz sərnişin daşımağı ilə bağlı 500 manat məbləğində cərimələndiyini bildirib.
 
Şahidin ifadəsi zərərçəkmiş şəxslərin narazılığına səbəb olub və bu zaman mübahisə yaranıb. Zərərçəkmişlər qeyd ediblər ki, N. Hüseynov və R. Seyfullayev ötüşmə ilə bağlı əvvəlcədən mərcləşiblər.
 
Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.  Proses avqustun 1-də davam etdiriləcək.
 
Sonra qəzanın videogörüntüləri yayımlanıb.
 
Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.
 
BAKU.WS